RU

Kommunikasiya və ticarət əlaqələrinin bərpası Cənubi Qafqazda davamlı sülhün əsasını qoyur ŞƏRH

Bakı, 22 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın Cənubi Qafqazda sülhü addım-addım inşa etməsi regionda formalaşan yeni siyasi-iqtisadi reallıqların əsas göstəricilərindən biridir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionun gələcək iqtisadi və siyasi münasibətlərini müəyyənləşdirən xüsusi sülh təşəbbüsü və uzunmüddətli strateji proqramla çıxış edib.

Deputat qeyd edib ki, 2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh layihəsi sənədi üzrə aparılan danışıqlardan sonra regionda sülh prosesində tamamilə yeni mərhələ başlayıb: “Azərbaycanın strateji baxışı və qəbul etdiyi qərarlar nəticəsində 30 ildən artıq müddətdə fəaliyyətsiz qalan kommunikasiya xətləri yenidən işə düşüb. İlk dəmir yolu yüklərinin Azərbaycan üzərindən Ermənistana daşınması bunun bariz nümunəsidir. Ardınca Azərbaycanda emal olunmuş neft məhsullarının Ermənistana satılması artıq prosesin təkcə kommunikasiya deyil, həm də ticarət müstəvisinə keçdiyini göstərir”.

Hikmət Babaoğlu vurğulayıb ki, bu gün ilkin nümunələrlə məhdudlaşsa da, Cənubi Qafqazda kommunikasiya və ticarət əlaqələrinin bərpa olunmağa başladığını söyləmək mümkündür: “Məhz iqtisadi və ticari maraqlar qarşılıqlı münasibətləri və uzunmüddətli sülhü müəyyən edən əsas amillərdir. İnteqrasiya qarşılıqlı bağlılıq, rifah və əməkdaşlıq deməkdir. Bu baxımdan Azərbaycanın atdığı addımlar regionda davamlı sülhün təmin olunması üçün mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, iqtisadi və kommunikasiya əlaqələrinin bərpası ilə yanaşı, təhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət kəsb edir: “Reallaşmağa başlayan iqtisadi dividendlər və beynəlxalq yüklərin hərəkəti bu kommunikasiya xətlərinin etibarlı təhlükəsizlik təminatını zəruri edir. Azərbaycan regionda sülhün və təhlükəsizliyin qorunması məsuliyyətini də öz üzərinə götürüb ki, bu yanaşma yalnız güclü və müstəqil dövlətlərə xasdır”.

Hikmət Babaoğlu qeyd edib ki, Pekin-London xətti üzrə milyonlarla ton yükdaşımaların müzakirə edildiyi bir dövrdə Azərbaycanın bu proseslərdə əsas aktora çevrilməsi ölkənin milli və dövlət maraqlarının tələbi olmaqla yanaşı, onun real imkanlarının göstəricisidir: “Bu addımlar, eyni zamanda, regionda maraqlı olan digər güc mərkəzləri üçün də açıq mesajdır. Əgər uzun illər ərzində regionun gündəliyini kənar qüvvələr diktə edirdisə, bu gün milli və regional maraqları müəyyən edən, onun üçün imkanlar yaradan və təhlükəsizliyini təmin edən müstəqil Azərbaycan dövlətidir”.

Deputatın sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi bu strateji siyasət Cənubi Qafqazda uzunmüddətli sülhün, sabitliyin və iqtisadi inteqrasiyanın əsas təminatlarından biri kimi çıxış edir.

Избранный
53
azertag.az

1Источники