RU

Birdəfəlik yardım on minlərlə ailənin sosial təminatını gücləndirəcək

Bakı, 22 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan Prezidentinin imzaladığı Sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan ailələrə birdəfəlik maddi yardım göstərilməsi sosial dəstək mexanizmlərinin ardıcıl və məqsədyönlü şəkildə genişləndirildiyini nümayiş etdirir. Sözügedən Sərəncam 76 mindən çox ailəni əhatə edir və ailə üzvləri nəzərə alındıqda bu yardım 335 mindən artıq vətəndaşı əhatə etmiş olacaq. “Ünvanlı sosial yardım alan ailələr sosial baxımdan daha həssas kateqoriyaya aiddir və onların dövlət tərəfindən davamlı şəkildə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bu addım həmin ailələrin sosial təminatının daha da yaxşılaşdırılmasına real töhfə verəcək”, – deyə deputat vurğulayıb.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq geniş sosial paket həyata keçirilib və bu paket 3 milyondan artıq vətəndaşı əhatə edib. Onun fikrincə, ilin sonunda ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi dəstəyin verilməsi ölkədə sosial təminat sisteminin dərinləşdiyini və bu siyasətin davamlı xarakter daşıdığını göstərir.

Deputat əlavə edib ki, İlham Əliyev tərəfindən sosial sahədə imzalanan ardıcıl sərəncamlar dövlətin sosial öhdəliklərinə sadiqliyini bir daha ortaya qoyur. “Bu yanaşma onu deməyə əsas verir ki, 2026-ci ildə də sosial təminat mexanizmlərinin genişləndirilməsi və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalacaq”, – deyə Vüqar Bayramlı fikrini yekunlaşdırıb.

 

Избранный
78
azertag.az

1Источники