Ali Məhkəmədə xuliqanlıqda təqsiriləndirilən E.Qəhrəmanov və atası X.Qəhrəmanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Birinci instansiya məhkəməsinin hökmünə görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında xuliqanlıq cinayətini törətməkdə təqsirli bilinib.
İttihama görə, hadisə 11 mart 2024-cü il tarixdə saat 14 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, E.Qəhrəmanov atası X.Qəhrəmanov ilə birlikdə ictimai yerin qarşısında zərərçəkmiş R.İsgəndərov arasında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və zor tətbiq etməklə xuliqanlıq hərəkətləri edib. Nəticədə zərərçəkmiş şəxsə baş və sifət nahiyəsindən zərbələr endirilib və onun sağlamlığına qısa müddətli pozuntuya səbəb olan yüngül xəsarətlər yetirilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə onların hər biri 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həbsdə saxlanıldığı 2 gün cəza müddətindən çıxılmaqla, üzərində 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb, müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib. Daha sonra məhkumun müdafiəçisi kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edib.
Kamal Məmmədov