RU

Juninyo "Qarabağ"dakı sabiq komanda yoldaşlarına nə deyib?

Son günlərdə "Qarabağ"ın Braziliyanın "Flamenqo" klubuna satdığı Juninyo Olavionu geri qaytarmaq cəhdləri barədə məlumatlar qismən səngisə də, Azərbaycan təmsilçisi bu istəyindən vaz keçməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"dakı komanda yoldaşları ilə əlaqə saxlayan forvard Çempionlar Liqasında onlara azarkeşlik etdiyini, matçları müntəzəm şəkildə izlədiyini bildirib.

"Köhlənlər"in sıralarında qitənin ən mötəbər klub turnirində mübarizə aparmaq arzusunu gizlətməyən 29 yaşlı futbolçu baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında əvvəlki səviyyəsinə qayıda biləcəyini söyləyib.

Düzdür, danışıqlar zamanı "Flamenqo"nun sözügedən oyunçunun icarəyə verilməsi üçün irəli sürdüyü maddi tələblər Azərbaycan çempionunun planları ilə üst-üstə düşmür. Ancaq qarşı tərəfin Juninyonun oyun praktikasından əziyyət çəkdiyini, indiki komandasında ümidləri doğrultmadığını nəzərə alaraq "Qarabağ"a güzəşt etməsi də mümkündür. Braziliya təmsilçisi yüksək əməkhaqqı alan forvardı ağdamlılara icarəyə verməyə və o, icarədə olduğu müddətdə maaşının bir hissəsini ödəməyə razılaşsa, "9 nömrə"nin dönüşü reallaşa bilər. Birdəfəlik transfer variantına gəlincə, hazırda bu ehtimalın gerçəkləşməsi real deyil. Heç "Qarabağ" Juninyonu cinah müdafiəçisi mövqeyində adından sözbetdirən həmyerlisi Mateus Silva ilə başabaş dəyişməyə də isti yanaşmır. 

Nihat

Избранный
35
1
fanat.az

2Источники