Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Korgöz qəsəbəsində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər də iştirak edib. Görüşdə 40-a yaxın qəsəbə sakini iştirak edib.
Sakinlərdən 6 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib. Başçı, sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyərək, dərhal tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışmışdır.
Qəsəbə sakinləri, hər zaman olduğu kimi, əhalinin sosial rifahının yaxşılaşdırılması və problemlərin sürətli həlli istiqamətində həyata keçirilən tədbirlərdən məmnun olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.