RU

Xankəndidə Zəfər parkının, Ağdamda yaşayış kompleksinin açılışı oldu (YENİLƏNİB)

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verdi.

Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı iyulda burada görülən işlərlə tanış olub.

Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə "Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Qeyd edək ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir. Eyni zamanda, park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla davam etdiyini göstərir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.

Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.

Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
32
qaynarinfo.az

10Источники