31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin, Vətənə bağlılığın və müstəqil dövlətçilik uğrunda müqəddəs mübarizənin simvoluna çevrilmiş tarixi bir gündür. Qədim və zəngin tarixə malik olan xalqımızın dirçəlişini və tərəqqisini əks etdirən bu bayramın dövlət səviyyəsində qeyd edilməsi, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhəd dirəklərini yıxması, hər həsrətli ürəyin bir millət, bütöv bir Vətən arzusunu dünyaya nümayiş etdirirdi. Bu qovuşma istəyinin rəsmi və ideoloji təməli 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında qəbul edilən qərarla qoyuldu. Ulu Öndər 31 dekabrı Həmrəylik Günü elan etməklə, xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail oldu. O, qürurla bəyan edirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu kəlam hər bir soydaşımız üçün milli qürurun rəmzinə çevrildi.
Ulu Öndər Heydər Əliyev 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə, diaspor hərəkatına sistemli və dövlət siyasəti səviyyəsində bir istiqamət verdi. Bu təşəbbüs 50 milyondan artıq soydaşımızı vahid məfkurə ətrafında birləşdirmək, onların milli mənlik şüurunu gücləndirmək məqsədi daşıyırdı. Qurultaydan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və müvafiq qanunun qəbulu, bu siyasətin institusional əsaslarını möhkəmləndirdi. Ulu Öndər xarici səfərləri zamanı həmvətənlərlə görüşməyi proqramının ayrılmaz hissəsi hesab edirdi; çünki bilirdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var – müstəqil, suveren Azərbaycan Respublikasıdır. Ulu Öndərin siyasi irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev diasporla əlaqələrin inkişafını dövlət siyasətinin mühüm istiqamətinə çevirmişdir. O, xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır və xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezidentin siyasi iradəsi soydaşlarımızda milli ruhu yüksəldir, onların vahid ideologiya ətrafında daha sıx səfərbər olmasına böyük töhfə verir.
Bu sədaqətli siyasət nəticəsində Azərbaycan diasporu "diaspor"dan daha uğurlu lobbiyə çevrilmişdir. 2006-cı ildə keçirilən II Qurultay, 2007-ci ildə Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin forumu – "Bir millət, iki dövlət" prinsipini diaspor fəaliyyətinin əsasına çevirmişdir. Azərbaycan Diasporuna Dəstək Fondunun (2018) yaradılması isə diaspor təşkilatlarının fəaliyyətinə maliyyə və institusional dəstəyi gücləndirmişdir. Vətən müharibəsi (2020) və antiterror əməliyyatı (2023) Dünya Azərbaycanlılarının Həmrəyliyini misli görünməmiş dərəcədə nümayiş etdirdi. Siyasi əqidəsindən, statusundan asılı olmayaraq, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız "Dəmir yumruq" birliyi ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, erməni lobbi dairələrinin təxribatlarının qarşısının alınmasında fədakar xidmətlər göstərdilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu fəaliyyət Qələbəmizə layiqli töhfə oldu.
2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı – Həmrəylik ideyasının zirvəsi oldu. Prezident İlham Əliyev bu qurultayı məhz Şuşada keçirməklə Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini və Azərbaycanın müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacağını bəyan etdi. Qalibiyyət bütün azərbaycanlıları bir yumruq halına gətirərək, Həmrəylik Gününün ovqatını kökündən dəyişdi. Artıq dünya azərbaycanlıları başını dik tutub, alnıaçıq, üzüağ yaşayırlar.
Bu gün Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlılarını birləşdirən qalib dövlət olan Azərbaycan Respublikası, diaspor quruculuğu sahəsində həyata keçirdiyi miqyaslı tədbirlərlə beynəlxalq aləmdə mövqeyini gücləndirməkdə davam edir.
İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini