RU

QHT sədri: "Azərbaycan vətəndaş cəmiyyəti artıq beynəlxalq aktora çevrilir"

"Azərbaycan üçün çox sevindirici haldır ki, Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni aşaraq ölkə xaricindəki fraqmental təşəbbüslər mərhələsindən çıxıb. Bu gün Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri qlobal təşəbbüslər irəli sürmək, onları reallaşdırmaq və beynəlxalq əməkdaşlıq formatları yaratmaq səviyyəsinə qədər inkişaf edib".

Bu sözləri “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan QHT-lərinin bu cür təşəbbüsləri qlobal platformaların formalaşmasına töhfə verir və bunu müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından, bəlkə də ilklərindən biri kimi dəyərləndirmək olar. Bu isə bir daha Azərbaycan vətəndaş cəmiyyətinin qarşıdan gələn mərhələlərdə daha məsuliyyətli, daha çevik və dövrün tələblərinə uyğun, daha innovativ yanaşma sərgiləməyi qarşısına məqsəd və vəzifə kimi qoyduğunu göstərir:

"İslahatçı Qadınlar Benovasiya İctimai Birliyinin 2025-ci il ərzində əldə etdiyi uğurlara və həyata keçirdiyi layihələrə gəlincə isə, qeyd etməliyik ki, təşkilat olaraq bir sıra mühüm işlərə imza atmışıq. Xüsusilə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Qərbi azərbaycanlıların beynəlxalq platformalarda hüquqlarının müdafiəsi” layihəsini vurğulamaq istərdik. Belə ki, layihə çərçivəsində müxtəlif fəaliyyətlərlə yanaşı, beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulmuşdu və həmin konfrans Qərbi Avropanın siyasi mərkəzlərindən biri sayılan Belçikanın paytaxtı Brüssel şəhərində reallaşdırıldı. Konfransda beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq qeyri-hökumət təşkilatları, səfirliklər, diplomatlar və müstəqil ekspertlər iştirak etdilər".

“Evə qayıdış və regional sülh” adlı konfransda Qərbi Azərbaycan ərazilərinin Azərbaycana məxsusluğu, eləcə də əhalimizin müxtəlif dövrlərdə bu ərazilərdən dörd dəfə məcburi köçkün vəziyyətinə salınması məsələlərinin iştirakçıların diqqətinə çatdırıldığını deyən Vüsalə Hüseynli bildirib ki, tədbir zamanı verilən suallar da ətraflı cavablandırılıb:

"Eyni zamanda tədbir zamanı verilən suallar cavablandırıldı. Düşünürəm ki, bu tip tədbirlər davamlı olmalı, Avropanın digər ölkələrinin böyük şəhərlərində və meqapolislərində də həyata keçirilməlidir. Çünki hazırda buna ciddi ehtiyac var və biz maarifləndirməni davam etdirərək insanların düşüncəsində formalaşmış yanlış məlumatların aradan qaldırılmasına nail olmalıyıq".

 

Pərvanə Fərhadqızı

Избранный
23
qht.az

1Источники