Azərbaycanın tanınmış teleaparıcısı Səidə Bəkirqızı dekabrın 25-də yayımladığı açıqlamada, “Səhər” verlişinin yanvar ayından dayandırılacağını və bunun əsl səbəbinin düzgün açıqlanmadığını bildirib.
Səidə Bəkirqızı deyib ki, onu bu barədə Nəriman müəllim və NewMedia rəhbərliyi məlumatlandırıb:
“Nəriman müəllim bildirdi ki, səhər verlişinə sponsor tapa bilmirik, ona görə proqram bağlanmalıdır. Amma mənə verilən məlumat doğru deyildi. Verdiyim suallara isə konkret cavab vermədilər”, – teleaparıcı bildirib.
O, əlavə edib ki, NewMedia ilə televiziyanın reklam hüquqları müqavilə əsasında idarə olunur:
“Vado müəllim mənə izah etdi ki, televiziya satış və reklam məsələlərini yalnız NewMedia həyata keçirir. Amma mən hələ də bilmirəm, əsl qərarı kim verib — proqramın bağlanması mənim mövqeyimə görəmi, yoxsa başqa səbəblər var”, – Səidə Bəkirqızı qeyd edib.
Teleaparıcı vurğulayıb ki, dekabrın 26-sından etibarən “Səhər” verlişində iştirak etməyəcək və öz prinsiplərinə görə televiziya proqramlarında yalnız mövqeyinə hörmət edən idarəçilərlə işləyəcəyini bildirib:
“Məni dəvət edən rəhbərlər mövqeyimə görə bunu edir. Əgər sözümə və mövqeyimə hörmət etməyəcəksinizsə, televiziya sizi çağırmasın”, – Səidə Bəkirqızı deyib.
O, həmçinin Azərbaycan televiziyasında ciddi simalara artıq ehtiyac olmadığını vurğulayıb və qərarını şəxsi prinsiplərinə əsaslandırıb:
“Allahın qaldırdığını heç kim yıxa bilməz. Mən isə öz prinsiplərimə sadiq qalacağam”, – teleaparıcı əlavə edib.