RU

Bank kartına səhv köçürülən pulu geri qaytara bilərik? - AÇIQLAMA

Hazırda ölkə əhalisinin tez-tez üzləşdiyi problemlərdən biri də bank kartlarına səhvən pul göndərilməsi ilə bağlıdır. Belə vəziyyətlərdə vəsaiti köçürən şəxslər əksər hallarda pullarını geri almaqda ciddi çətinlik yaşayırlar. Elə insanlar var ki, hesablarına səhvən daxil olan vəsaiti müxtəlif bəhanələrlə geri qaytarmaqdan imtina edirlər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki,məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, mövcud qanunvericilikdə bu kimi hallarla bağlı müəyyən boşluqlar mövcuddur.

Onun sözlərinə görə, səhv köçürmə zamanı banklar pulu qəbul edən şəxsin məlumatlarını qarşı tərəfə təqdim etmədiyi üçün vəsaitin geri alınması çətinləşir:

"Səhv göndərilən pulu qaytarmaqdan yayınan şəxslərin bu davranışı qanunsuz varlanma kimi qiymətləndirilməli və müvafiq qanunvericilikdə dəyişikliklər aparılmalıdır".

Eyyub Kərimlinin sözlərinə görə, beynəlxalq praktikada belə hallarda səhv ödəniş edən şəxsin müraciəti əsasında vəsait ən gec 24 saat ərzində ya sahibinə qaytarılır, ya da bank tərəfindən xüsusi depozit hesabına yerləşdirilir.

O əlavə edib ki, ölkəmizdə banklar bu məsələdə kifayət qədər effektiv dəstək göstərə bilmirlər və bəzi hallarda sui-istifadə riskləri də mövcuddur. Bu səbəbdən mövzu üzrə daha ciddi araşdırmaların aparılmasına ehtiyac var:

"Pulun qaytarılmasında problem yaşayan şəxslər polis orqanlarına müraciət edirlər. Polis orqanları öz səlahiyyətləri daxilində banka məktub yazaraq hesabına pul köçən şəxs barəsində müəyyən məlumatlar istəyirlər. Burda pulun miqdarından da çox şey asılıdır. Köçürülən vəsait az olanda bununla bağlı polis ciddi tədbirlər görə bilmir. Hesab eləyirlər ki, bu, mülki məsələdir. Vətəndaşa əsaslandırılmış imtina qərarı verir və məhkəməyə müraciət etməli olduğunu bildirir. Əgər vətəndaş polis vasitəsi ilə pulunu ala bilmirsə, haqqını məhkəmədə axtara bilər". 

Избранный
37
2
day.az

3Источники