Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 25 dekabr, Günel Alıyeva, AZƏRTAC
Son dövrlərdə kino sahəsi yaradıcı qüvvələrin böyük hissəsini özünə cəlb edir. Gənclərin dramaturgiyaya yanaşması isə bəzən təəssüf doğurur. Mən özüm Ekran dramaturgiyası fakültəsində dərs deyirəm və görürəm ki, gənclər arasında daha çox kino yaradıcılığına, ssenari yazarlığına meyil var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri kinonun yayım imkanlarının daha geniş olmasıdır. İstər serialı, istərsə də filmi sosial şəbəkələr və müxtəlif platformalar vasitəsilə təqdim etmək, təbliğ etmək daha asandır. Teatr isə canlı sənətdir və tamaşaçı onu mütləq gəlib yerində izləməlidir.
İlqar Fəhmi əlavə edib ki, pyes yazmaqla ssenari yazmaq arasında ciddi fərqlər var və bu, gənclər üçün əlavə çətinlik yaradır. Belə ki, ssenaridə təxəyyülü daha sərbəst buraxmaq, ideyanı geniş miqyasda qurmaq mümkündür. Üstəlik, texnologiyanın sürətlə inkişafı istənilən yaradıcı fikrin ekranda reallaşdırılmasına şərait yaradır. Teatr isə müəllifdən tələb edir ki, məhdud məkanda və məhdud zaman çərçivəsində fikri, süjeti, düşüncəni daha dəqiq və yığcam şəkildə təqdim etsin.
Müsahibin fikrincə, gənclərin daha çox kinoyla böyüməsi də bu prosesə təsir göstərir. Onların əsasən izlədiyi material kino olduğundan, təxəyyüllərini teatrın zaman və məkan çərçivəsinə uyğunlaşdırmaq bəzən çətinləşir. O, pyes müsabiqələrində də bu halın müşahidə olunduğunu deyərək bildirib ki, təqdim olunan bəzi pyeslər mahiyyətcə kino ssenarisini xatırladır: Adı pyes olsa da, dramaturji quruluşda teatrın tələb etdiyi məhdudiyyətlər nəzərə alınmır, təsvirlər sərbəst şəkildə genişlənir. Bu isə bəzi gənclərin teatrın yaradıcı hədəfini və təbiətini tam dərk etmədiyini göstərir”.
İlqar Fəhmi vurğulayıb ki, bu sahədə vəziyyəti dəyişmək üçün gənclərə yönələn xüsusi layihələrə ehtiyac var. Onun sözlərinə görə, pyes yaradıcılığının mahiyyətini izah edən proqramlar, təlimlər və treninqlər təşkil edilməli, gənclər düşüncələrini məhdud məkan və məhdud zaman çərçivəsində ifadə etmə bacarığını inkişaf etdirməlidirlər. O, bu istiqamətdə müəyyən ideyalarının və layihə planlarının olduğunu da bildirib.
Müasir dramaturgiyada aktual mövzular barədə danışan İlqar Fəhmi qeyd edib ki, son 3–4 ildə müharibə mövzuları Azərbaycanda xüsusilə aktual olub və bu mövzuda çox yazılıb. Onun sözlərinə görə, yaraların hələ təzə olması, şəhidlərin xatirəsi və cəmiyyətin yaşadığı təcrübə müharibə mövzusunu gündəmdə saxlayıb. Lakin son dövrlərdə postmüharibə mövzuları daha çox ön plana çıxmağa başlayıb: qalib dövlətin ideoloji gələcəyinin necə qurulacağı, cəmiyyətin mənəvi-psixoloji durumunun necə dəyişdiyi, qələbədən sonra yaranan yeni mərhələnin hansı suallar doğurduğu və bu proseslərin insan talelərində necə əks olunduğu müasir dramaturgiya üçün əsas istiqamətlərdən birinə çevrilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.