RU

Ramiz Mehdiyevin kürəkəni ilə 8 ilə yaxın davam edən məhkəmə çəkişməsi bitdi

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ramiz Mehdiyev bilirdi ki, mən bu bağı möhtərəm cənab Prezidentin sahibkarlara çağırışına cavab olaraq salmışam. Buna baxmayaraq, göstəriş verdi, 10 hektar fındıq bağımı buldozerin qabağına verdirib məhv etdilər. Məqsəd torpaq deyildi, məqsəd ölkə rəhbərliyindən narazılıq yaratmaq idi…”

Mia.az xəbər verir ki, bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur Nəmətulla oğlu İbrahimov deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə artıq 8 ilə yaxındır məhkəmələrdə çəkişir:

“Şimal zonasında kürəkəninin törətdiyi cinayətlərin hər biri Ramiz Mehdiyevin birbaşa himayəsi altında baş tutub. Ramiz Mehdiyev olmasaydı, onun kürəkəni ölkənin şimalında bu cür “at oynatmağa” cürət etməzdi. Bütün bunlar Mehdiyevin dövlət çevrilişi planlarına uyğun, sistemli şəkildə aparılıb. Kürəkəni başına yığdığı mütəşəkkil dəstə ilə şimalda sahibkarları çökdürməklə, sadə insanları işsiz qoymaqla kütləvi narazılıq yaradırdı”.

Sahibkar bildirir ki, bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması həmin dövrdə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarır:

“Şükür Allaha ki, möhtərəm cənab Prezident “Dəmir yumruğu” daxildəki ermənilərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun yanındakıların müdafiəçiləri tapılır. Bununla bağlı müvafiq qurumlara və rəhbər şəxslərə müraciətlər hazırlayıram”.

Mansur İbrahimov bildirir ki, Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə faktiki olaraq onunla və kürəkəni ilə eyni vaxtda mübarizə aparmalı olub. Bu müddətdə Mehdiyevin kürəkəninin məhkəmələrdə dövriyyəyə buraxdığı “sürtülmüş” iddialar bir-birini əvəzləyib.

Musavat.com xəbər verir ki, bu günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İlham Əlisəftər oğlu Əliyevin apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Kommersiya Məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.

Söhbət Ramiz Mehdiyevin hələ yüksək vəzifədə olduğu 2018-ci ildə şabranlı sahibkar Mansur İbrahimovun şirkəti - “Turaz” MMC-nin qəsb edilməsi ilə bağlı qalmaqallı məhkəmə işindən gedir.

Sahibkarın sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni tutduğu mövqenin verdiyi toxunulmazlıqdan istifadə edərək Şabranda mütəşəkkil dəstə formalaşdırıb, ona və digər sahibkarlara qarşı açıq basqılar həyata keçirib:

“Gözlərinə xoş görünən şirkətləri, torpaq sahələrini ələ keçirirdilər. Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı çağırışına cavab olaraq Şabranda 10 hektar fındıq bağı salmışdım. Bağ artıq məhsul verməyə hazır idi. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən imarətinə gedərkən həmin ərazidə dayanıb, yerli icra hakimiyyətinə göstəriş verdi və bağım darmadağın edildi. Qanunsuz göstəriş dərhal icra olundu”.

Mansur İbrahimov iddia edir ki, bu addımlar təsadüfi olmayıb, məqsəd şimal zonasında süni narazılıq yaratmaq, ölkə rəhbərliyinin siyasətinə qarşı ictimai etimadı sarsıtmaq olub. Bununla kifayətlənməyən İlham Əlisəftər oğlu Əliyev qəsb etdiyi “Turaz” MMC adından çıxış edərək, illər boyu sahibkarı məhkəmələrə sürükləyib, qalan əmlakını da əlindən almağa cəhd göstərib. O, Mansur İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı iddia qaldıraraq bağlanmış müqavilələrin etibarsız sayılmasını, torpaqla bağlı çıxarışların, plan və ölçü sənədlərinin ləğvini tələb edib. Bununla da illər əvvəl törədilmiş qanunsuzluqları ört-basdır etməyə çalışıb. Lakin məhkəmə bu tələbləri qanunsuz və əsassız hesab edib. Apellyasiya instansiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, birinci instansiya məhkəməsinin işi düzgün araşdırdığı və maddi-hüquqi normaların pozulmadığı qənaətinə gəlib. Nəticədə İlham Əlisəftər oğlu Əliyevin şikayəti təmin edilməyib, Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb.

Bu qərar torpaq sahəsinin və ona dair sənədlərin hazırkı hüquqi statusunu qoruduğunu təsdiqləməklə yanaşı, Ramiz Mehdiyevin kürəkəninin illərdir davam edən iddialarının növbəti hüquqi iflasla nəticələndiyini də göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
9
mia.az

10Источники