"Məlumdur ki, Ermənistan Azərbaycan ərazisinin 20%-ni 30 ilə yaxın bir dövrdə işğal altında saxlayıb. Həm Şərqi Zəngəzur, həm də Qarabağ iqtisadi zonaları böyük iqtisadi potensiala malik torpaqlardır. Bu torpaqlar kənd təsərrüfatı, sənaye, təbii, mineral resurslar ilə zəngindir. Ermənistan həmin resursları illər ərzində İrəvana daşıyıb aparırdı. Qızıl və mineral yataqlarımız talan edilirdi. Azərbaycan sərvətləri Ermənistan məhsulu adı altında xarici bazarlara çıxarılırdı. Digər tərəfdən, məlumdur ki, Ermənistan özü böyük iqtisadiyyata malik deyil. Əvvəllər də, indi də Ermənistan iqtisadiyyatı elə vəziyyətdədir ki, xarici ianələr hesabına dövlət büdcəsini formalaşdıra bilir".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistan dövlətinin xarici borcu ümumi daxili məhsulun 60%-dən çoxunu təşkil edib: Bütün regional layihələrdən təcrid olan bir dövlətin hərbi potensialını gücləndirmək imkanları qeyri-mümkün idi. Ermənistan hərbi sursatları da özü istehsal etmir. Bəllidir ki, Fransa, Rusiya və digər dövlətlər Ermənistanı daim müasir silahlarla silahlandırıblar. Bütün hərbi sursatların qarşılıqsız Ermənistana bağışlanması rəvac verirdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlaya bilsin. Halbuki BMT-nin 4 qətnaməsi olduğu halda Ermənistana hərbi dəstək verən dövlətlər, eləcə də ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək əvəzinə Ermənistanı daha da işğala təhrik edirdilər. Bunların nəticəsi idi ki, Ermənistan öz aqressiyasını davam etdirə bilirdi. Digər tərəfdən, təkcə 44 günlük Vətən müharibəsi dövründə Ermənistana ən müasir silahlar əvəzsiz olaraq verilirdi. Məsələn, 300 M ballistik raketin ixracı qadağan olduğu halda bu raketin Rusiya tərəfindən Ermənistana verilməsi təəccüb doğurur. Həmin dövlətlərin Ermənistana dəstəyinin arxasında Azərbaycana qarşı aqressiya dayanır. Bütün bunlara baxmayaraq, Azərbaycan Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpağımızı işğaldan azad etdi. Bu gün Qarabağda, Şərqi Zəngəzurda çox böyük bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağın iqtisadi potensialı artıq ölkə iqtisadiyyatına inteqrasiya olunur. Bütövlükdə, bizim qələbəmiz həm də Ermənistanı dəstəkləyən mərkəzlər və qüvvələr üzərində əsl qələbə oldu!"
Aytəkin Qardaşova