Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə əsas problem beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxmasıdır: “Xüsusilə Donald Trampın hakimiyyətə gəlişindən sonra Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə baxmayaraq, beynəlxalq səviyyədə ciddi şəkildə cəzalandırılmaması və beynəlxalq məsuliyyətə cəlb olunmaması bu amili daha da gücləndirib. Üstəlik, hücuma məruz qalan Ukraynanın güzəştə vadar edilməsi siyasəti güc faktorunu zəiflətmir, əksinə, artırır. Bu isə digər dövlətlərin də gələcəkdə gücə üstünlük verməsi təhlükəsini yaradır. Problem də məhz buradadır. Bu səbəbdən güc amili Çində də ciddi şəkildə nəzərə alınır və nüvə silahlarının artırılması məsələsi gündəmə gətirilir”. Bunun dünya üçün ciddi təhlükə olduğunu istisna etməyən N.Miri qeyd edib ki, Çində nüvə silahlarının artırılmasının yaxın perspektivdə ABŞ və Çin arasında birbaşa qarşıdurmaya səbəb olacağını demək olmaz: “Hazırda belə bir vəziyyət yoxdur. Əgər olsaydı, Çin böyük maliyyə xərcləri tələb edən nüvə arsenalının genişləndirilməsi ilə kifayətlənməz, ən azından özünün tərkib hissəsi hesab etdiyi Tayvanı hərbi əməliyyatlarla geri qaytarmağa cəhd edərdi. Burada Çin üçün ciddi risk amillərinin olduğu açıq görünür. Əks halda, Pekin Tayvanı çoxdan öz ərazisinə birləşdirərdi. Çünki Tayvanı müdafiə edən ABŞ və onun müttəfiqləri Sakit okean və Hind okeanı hövzəsində fəal mövqedədir. Bu səbəbdən məsələ o qədər də sadə deyil. Tayvanın hələ də “azad olunmamasının” əsas səbəbi Çinin böyükmiqyaslı müharibədən çəkinməsidir. Çünki müharibə istənilən dövləti zəiflədir. Eyni zamanda Ukrayna–Rusiya müharibəsində Rusiyaya açıq şəkildə dəstək verən Çin amili də mövcuddur. Çin bunu ona görə edir ki, Qərb dövlətlərinin enerjisi bu müharibədə tükənsin və onların diqqəti uzun müddət bu məsələyə yönəlsin”. Sevinc İbrahimzadə / Metbuat.az