RU

Fəxr etdiyimiz Lider, qürur duyduğumuz Sərkərdə

Müasir müstəqil Azərbaycanın qurucusu və xalqımızın xilaskarı Heydər Əliyev hələ 2003-cü ildə İlham Əliyev haqqında demişdir: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bəli, 22 il öncə deyilmiş bu sözlər mahir diplomat, hərbi strategiyası parlaq Zəfərlə nəticələnən sərkərdə - qalib xalqın qalib lideri olan İlham Əliyevin uzaqgörənliyi və yüksək liderlik keyfiyyətləri ilə çoxdan öz təsdiqini tapmışdır. 

Prezident İlham Əliyev... Bu adı eşidəndə vətəndaş kimi iftixar hissi keçirdiyimizi və bu adın nəinki region və ya cəmiyyətimiz üçün, hətta bütün dünya liderləri və ölkələri üçün nümunə olduğunu, bir sözlə, onun siyasi və şəxsi portret cizgilərinin böyük mənalar kəsb etdiyini qürurla vurğulamaq istəyirik. İlham Əliyev milli lider, müzəffər tarixi sərkərdə, mahir strateq, güclü diplomat, yüksək insani və liderlik keyfiyyətlərini özündə təcəssüm etdirən fenomen şəxsiyyətdir. O lider ki, Azərbaycan xalqının qəlbinə və yaddaşına əbədi olaraq həkk edilən şanlı və şərəfli tariximizin müəllifidir. O lider ki, sadəcə, xalqımızın 30 illik yurd həsrətinə deyil, həmçinin əldə etdiyi parlaq Qələbə nəticəsində Ermənistan təcavüzkarlarının əsrlərdir davam edən işğalçılıq siyasətinə son qoymaqla məhz onlara havadarlıq edən riyakar qüvvələrin də məkrli planlarını iflasa uğratmışdır. O lider ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanla keçirdiyi beynəlxalq səviyyəli görüşlərdə, N.Paşinyan da daxil olmaqla, Ermənistanın bütün tarixçi və siyasətçilərinə, sözün həqiqi mənasında, əsl tarix dərsi keçmiş, Azərbaycanın ədalətli mövqeyini tarixi faktlar əsasında layiqincə diktə etməyi bacarmışdır. O lider ki, Cənubi Qafqaz regionuna davamlı və dayanıqlı sülhün gəlməsi naminə bütün bilik və bacarıqlarını səfərbər etmiş, Qarabağı və Şərqi Zəngəzuru azadlığına qovuşdurmuş və bir əsrdir həsrətlə baxdığımız doğma yurdumuza - Zəngəzur mahalına günəş kimi işıq salmış və bununla da bizim qədim Azərbaycan torpaqlarının əzəli sahiblərinin haqq-ədalətə əsaslandığını bütün dünyaya nümayiş etdirmişdir. O lider ki, Valday diskussiyası və Münhen konfransı kimi əhəmiyyətli müstəvilərdə Azərbaycanın milli mövqeyini tarixi qaynaqlara istinadən bütün dünya ictimaiyyətinə peşəkarcasına çatdırmış, tarixi ədaləti bərpa edəcəyinə söz vermiş və nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusu ilə birgə Zəfər zirvəsini fəth etmişdir. Daha sonra isə bütün erməni separatizmini darmadağın edərək, doğma Xankəndi şəhərində Azərbaycanın Dövlət bayrağını milli ruhumuzun dolaşdığı Qarabağın səmasına ucaltmış və sözünün imzası qədər dəyərli olduğunu sübuta yetirmişdir. 

Cənab İlham Əliyevi dünya ölkələrinin rəhbərləri - dövlət və hökümət başçıları da mükəmməl şəxsiyyət və müdrik Prezident kimi qəbul edirlər. Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın "Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu", ABŞ Prezidenti D.Trampın "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız, siz böyük lidersiniz", Serbiya Prezidenti Aleksandar Vuçiçin "Sözü imzası qədər kəsərli olan İlham Əliyev bu gün dünya liderləri arasında ən güvənilən, ən etibarlı şəxsiyyətlərdən biridir. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm", Macarıstan Baş naziri Viktor Orbanın "Mən son 10 ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm", eləcə də digər liderlərin İlham Əliyev haqqında söylədiyi bu cür dəyərli fikirlər dövlətimizin başçısının mükəmməl xarizmaya malik, bənzərsiz lider olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 22 il ərzində Azərbaycan saysız-hesabsız uğurlara imza atmışdır. Bu uğurlar hesabına Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında sosial, iqtisadi, ictimai, siyasi və digər sahələr üzrə dünyanın inkişaf etmiş ölkələri sırasındadır.

44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm Zəfərlə Prezident İlham Əliyev, sadəcə, XVIII əsrdən etibarən Cənubi Qafqaza köçürülən erməni təcavüzkarlarının ərazi iddiasını və 200 illik əsarətini deyil, ümumilikdə onların Balkan yarımadası üzərindən Şərqi Anadolu və Suriya çöllərinə köç etmiş əcdadlarının 3 min ildir uydurduğu "böyük Ermənistan" mifini darmadağın etmişdir. Ona görə də İlham Əliyev kimi sərkərdə və milli liderlə eyni əsrdə yaşayıb, şanlı hadisələrə şahidlik etmək xoşbəxtlikdir. 

Beynəlxalq hüququn deyil, məhz güc amilinin əsas rol oynadığı və haqsız qarşıdurmaların hökm sürdüyü bugünkü dünyada, regional və qlobal səviyyədə baş verən geosiyasi və geoiqtisadi dəyişikliklər zamanında, informasiya cəbhəsində qərəzli xarici təzyiqlərin davam etdiyi bir dönəmdə milli təhlükəsizliyi və sabitliyi təmin etmək, ölkənin bütün coğrafiyasında Dövlət bayrağını dalğalandırmaq hər dövlət və hökumət başçısına nəsib olmur. Bunu yalnız İlham Əliyev kimi Lider və Sərkərdə bacara bilər. 

Tural İSMAYILOV, 

YAP Yevlax rayon təşkilatının sədr müavini 

Избранный
9
2
azerbaijan-news.az

3Источники