RU

Dünyanın ən qədim şərab küpəsində insan qalıqları AŞKARLANIB

Ajans.az Express nəşrinə istinadən xəbər verir ki, təxminən 2000 il yaşı olan bu küpə altı il əvvəl İspaniyanın Karmona şəhərində Roma dövrünə aid bir məzarda aparılan qazıntılar zamanı tapılıb. Aparılan laborator analizlər nəticəsində küpənin içərisində IV əsrə aid, şeriyə bənzər maye şərabın olduğu aşkarlanıb. Bu tapıntı onu indiyədək müəyyən edilən ən qədim şərab nümunələrindən birinə çevirib. Lakin alimləri ən çox təəccübləndirən məqam küpə açıldıqdan sonra üzə çıxıb. Belə ki, maye ilə yanaşı, küpənin içində bir kişinin kremasiya edilmiş qalıqları da olub. Şərabın təhlilinə rəhbərlik edən Kordoba Universitetinin üzvi kimyaçısı Xose Rafael Ruiz Arrebola bildirib ki, arxeoloqlar küpəni açarkən içərisinin hələ də maye ilə dolu olması böyük sürpriz yaradıb. Araşdırmalar zamanı küpədə həmçinin kremasiya edilmiş sümüklər, ikiüzlü Roma tanrısı Yanusun təsviri olan qızıl üzük və ehtimal ki, kremasiya çarpayısına aid metal hissələr də aşkar edilib. Mütəxəssislərin fikrincə, üzük kremasiya zamanı mərhumun üzərində olmayıb, sonradan küpənin içinə yerləşdirilib. Qeyd edək ki, sözügedən urna 2019-cu ildə bir ailənin öz mülkiyyətində təsadüfən batmış Roma məzarını aşkar etməsi nəticəsində üzə çıxıb. Məzarda ümumilikdə səkkiz dəfn yeri olub. Onlardan altısında əhəngdaşı, qumdaşı və ya şüşədən hazırlanmış urnalar yerləşdirilib. Hər urnada bir nəfərin kremasiya edilmiş qalıqları tapılıb, ikisinin üzərində isə mərhumların adları qeyd edilib — Hispanae və Senicio. Urnalardan birində qadına aid qalıqlar, üç ədəd kəhrəba zinət əşyası, paçuli ətiri olan şüşə qab və ipək parça fraqmentləri də aşkar olunub. Bu əşyalar Roma inanclarına uyğun olaraq mərhumun axirət həyatına səyahəti üçün lazım olacağı düşünülərək məzara qoyulub.

 

Избранный
38
Ajans.az

1Источники