“Abşeron” yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır
Zəngin ehtiyatlara malik olan Azərbaycan enerji dialoqunun ikinci mərhəlsini təşkil edən mavi yanacaq seqmenti üzrə beynəlxalq əməkdaşlığı geniləndirir. Artıq Azərbaycan qazı 14 ölkəyə ixrac olunur. Perspektivdə isə ixrac həcmlərinin artırılması nəzərdə nəzərdə tutulur və bunun üçün bütün imkanlar var.
İxrac həcmlərinin artırılması planlaşdırılan ölkələr sırasında qardaş Türkiyə də yer alır. Bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı məlumat verib. Hökumət başçısı bildirib ki, Xəzərin Azərbaycan sektorundakı “Abşeron” yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır.
Qarşılıqlı etimadın göstəricisi
Uzun illəri əhatə edən enerji dialoqu Azərbaycanla Türkiyə arasında ikitrəfli əməkdaşlığın çox mühüm istiqamətidir. Bu sahədə əməkdaşlıq iki ölkənin mənafeyinə xidmət etməklə yanaşı, bütün Avropanın enerji təhlüükəsizliyi üçün müstəsna önəm daşıyır. Qardaş ölkələrin səyləri və tərəfdaş dövlətlərin iştirakı ilə bir neçə nəql marşrutu yaradılıb. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri 2005-ci ildən bəri fasiləsiz fəaliyyət göstərir. Bu kəmər vasitəsilə İtaliya və İsrail kimi ölkələrə neft tədarük edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan özünü dünyaya həm də mavi yanacaq ölkəsi kimi təqdim etməyə başlayıb. Qeyd edək ki, 2007-ci il iyulun 3-də “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum vasitəsilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 36 milyard 303,5 milyon kubmetr qaz nəql edilib. Qazın nəqlinin 58,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 21 milyard 121,8 milyon kubmetr qaz ötürülüb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb. 2024-cü il məlumatına görə, Azərbaycan Türkiyənin idxal etdiyi qazın təxminən 22 faizini təmin edir ki, bu da Rusiyadan (41 faiz) sonra ikinci ən böyük təchizat mənbəyi deməkdir. İndiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetrdən çox qaz göndərilib.
Hər iki tərəf enerji dialoqunu genişləndirmək niyyətindədir. Ötən ilin may ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun qardaş ölkəyə səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən, Azərbaycan və Türkiyə bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcək.
İndiyədək Azərbaycanla Türkiyə arasında 4 enerji forumu baş tutub. Cari ilin sentyabr ayında İzmirdə keçirilən IV Enerji Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın energetika naziri Pərviz Şahbbazov vurğulayıb: “Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahəsində uzunmüddətli tərəfdaş kimi möhkəmləndirən, dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda mövqelərimizi gücləndirən yeni mərhələyə daxil olub. “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır.”
Azərbaycanın Türkiyənin enerji sektoruna böyük həcmdə sərmayə yönəltməsi də təqdirəlayiq halldır. SOCAR Türkiyədəki ümumi investisiya həcmini 18 milyard ABŞ dollarından çox səviyyəyə çatdırıb. Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard ABŞ dolları dəyərində olan “STAR” Neft Emalı Zavodudur. 2018-ci ildən fəaliyyət göstərən “STAR” zavodu hər il 10 milyon ton xam neft emal etmək gücündədir və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda, qardaş ölkədə SOCAR-ın iştirakı ilə “Petkim” neft-kimya kompleksi fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında enerji dialoqunun intensivliyi kifayət qədər yüksək səviyyədədir ki, bu da qarşılıqlı etimadın göstəricisidir.
Məsafədən idarə olunan nadir platforma
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata 2023-cü ilin yayından start verilib. “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır - ancaq digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir.
“Abşeron” yatağının işlənməsinin ilkin mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və sutkada 12 min barel kondensat hasilatı təmin edilməklə istehsalın sabit və təhlükəsiz səviyyəsi qorunur. “Abşeron” un işlənməsinin ikinci mərhələsi (tammiqyaslı işlənmə - FFD) üçün FEED layihəsi bir il ərzində yekun investisiya qərarının (FİD) qəbul edilməsinə hazır olmaq məqsədi ilə 2025-ci ilin əvvəlində başlayıb.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50 faiz paya malikdir.
Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir.
Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. “Abşeron” yatağından ilk hasilatın başlanılmasınadək keçilən yol isə, necə deyərlər, heç də hamar olmayıb.
“Abşeron” yatağı ötən əsrin altımışıncı illərində kəşf edilib. Ancaq uzun illər ərzində yatağın işlənməsinə başlamaq mümkün olmayıb. Çünki o dövrdə mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərini həyata keçirməyə imkan vermirdi. Digər tərəfdən, qaz sənayesinə maraq az idi. İnvestorlar neftçıxarma ilə müqayisədə gəlirliliyi aşağı olan bu sahəyə sərmayələr yönəltməyə böyük maraq göstərmirdilər. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələnib və ilk quyu debit verməyib. Bu səbəbdən də xarici şirkətlə imzalanan müqaviləyə 2005-ci ildə xitam verilib.
Aradan dörd il ötəndən sonra “Abşeron” yatağı üzrə işlər yenidən canlanıb. Belə ki, 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə SOCAR və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib.
Mübariz ABDULLAYEV