AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov növbəti dəfə Əliyar Ağayevin səhv etdiyini bildirib. Təcrübəli referi “Karvan-Yevlax” – “Neftçi” matçında ev sahibi komandanın lehinə verdiyi penalti qərarında xəta edib.
Maraqlıdır ki, təcrübəli referi səhv qərar verdiyi iki matçda da ( “Sumqayıt” – “İmişli”), (“Karvan-Yevlax” -“Neftçi”) VAR-a dəvət edilib və dəqiqələrlə monitora baxıb. Amma buna rəğmən yenə də düzgün qərar verə bilməyib.
Bu isə haqlı olaraq müzakirələrə səbəb olub. Yəni Əliyar Ağayev qaydaları bilmir, yoxsa bu qərarların arxasında başqa məqamlar var?
Hər halda, görünən odur ki, Azərbaycanda Ağayev toxunulmazlığı ortadan qalxır. O, bu günə qədər çempionat oyunlarında xeyli səhvə yol versə də, həmişə üzərindən keçilirdi.
Həsənov gələndən sonra isə Ağayevin iki ciddi səhvini ortaya çıxarıb. Ümid edək ki, komitə sədrinin sona qədər belə ədalətli davam etməsinə imkan veriləcək.
O məşhur mahnıda da deyildiyi kimi: Rəhim gətir davamını…
Həsən Quluzadə