RU

Zahid Oruc: Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışlarını nəzərə almağa məcburdur

2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.

Komitə sədri vurğulayıb ki, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur.

“Regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir. Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaq.

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır. Hamının təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir”.

Millət vəkili vurğulayıb ki, sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir:

“Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib, suveren və regional güc kimi çıxış edir. Prezident İlham Əliyevin yaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox, məsuliyyətli və uzaqgörən münasibət tələb edir: 

“Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin yolunu kəsdi, silah və canlı qüvvə axınının qarşısını aldı, arxa cəbhədə sabitliyi təmin etdi. Qurtuluş savaşımızda 500 kilometrdən çox dövlət sərhədi işğaldan azad edildi. Bir vaxtlar ölkəmizin sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə yüz minlərlə evi, mülkü talan edib Araz üzərindən satanlar indi Azərbaycandan tam açıq sərhəd tələb eləyirlər”.

Zahid Oruc sərhədləri açıq olan Gürcüstan və Ermənistanla Azərbaycanın fərqli mövqelərdə olduğunu deyib.

 “Sual veririk: ÜDM-in 10 faizi turizmdən formalaşan ölkələrin təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi? Xeyr. Çünki biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb”.

Deputat Rusiya və İranda yaşayan soydaşlarımızın təzyiqlərə məruz qaldığını bildirib.

“Daha iki qonşu dövlət soydaşlarımıza basqı eləyərək, -şimalda onları mütəşəkkil cinayətkar dəstə, cənubda isə azərbaycanlıları humanitar təsir silahına çevirərək, ölkəmizə sərhədləri açması üçün informativ-siyasi təzyiq göstərirlər. Azərbaycan isə kvotalara məcbur deyil. Sərhədləri azad edən dövlət risklər azaldıqca məhdudiyyətləri də ləğv edəcəyinə inanır” - deyə o bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan Qafqazda sərhədlərin tam açılmasına, regional əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir: "Amma yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur”.

Z.Oruc əlavıə edib ki, digər vacib məqam İranla bağlı beynəlxalq siyasi və hərbi gərginliyin artmasıdır.

“İsraillə 12 günlük müharibə və yenidən savaş perspektivi regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir”, - deyə o qeyd edib.

Избранный
45
xezerxeber.az

1Источники