RU

"Taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin" - Vasif Qafarov

"Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhəriçi nəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəli tənzimlənməsini zəruri edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olan ödənişli parklanma yerlərində avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi isə bu gün aktual hüquqi boşluqlardan biridir".

Redaktor.az xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin bu gün keçirilən iclasında bildirdi.

O, qeyd etdi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri xidmət göstərən tərəfin məsuliyyətini və xidmətin təhlükəsizliyini özündə ehtiva edir:

"Bu baxımdan, ödənişli parklanma xidmətinin sığorta mexanizmi ilə təmin edilməsi həm hüquqi, həm də sosial baxımdan zəruridir. Beynəlxalq təcrübədə bu modelin uğurla tətbiq olunması bunun effektivliyini təsdiq edir.

Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problem ondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda, parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç bir təminat almır. Ödənişli park yerinə qoyulan avtomobilə başqa bir şəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda və ya təbiət hadisələri nəticəsində, məsələn, güclü külək zamanı ağacın avtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişli olmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu isə həm istehlakçı hüquqlarının pozulmasına, həm də göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasına səbəb olur. Bu kimi situasiyalar vətəndaşın ödədiyi xidmət haqqının mahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir və bu kimi hallar sığorta mexanizminin tətbiqini daha da zəruri edir.
Mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir. Buna görə də, hesab edirəm ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Bu məqsədlə təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin; parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin".

Millət vəkilinin qaldırdığı digər məsələ isə taksilərin xüsusi avtobus zolaqlarından istifadəsi ilə bağlı oldu:

"“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş şəkildə tətbiq olunur.

Bu baxımdan təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin.
Hesab edirəm ki, bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaqdır".

Aminə ŞAHSUVARQIZI

Избранный
14
3
redaktor.az

4Источники