RU

“Cənub dəhlizi bağlanarsa, Rusiya üçün bu fəlakət olar” – politoloq

Son dövrlər Azərbaycan–Rusiya münasibətlərində müşahidə olunan gərginlik yalnız ikitərəfli diplomatik müstəvidə deyil, eyni zamanda humanitar və miqrasiya sahəsində də ciddi narahatlıqlar doğurur. Xüsusilə Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlı miqrantlara qarşı artan təzyiqlər ictimai-siyasi müzakirələrin mərkəzinə çevrilib.

Məsələ ilə bağlı politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında proseslərin mahiyyətini və mümkün nəticələrini dəyərləndirib.

Politoloq bildirib ki, artıq təxminən bir ildir Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginlik hökm sürür. Onun sözlərinə görə, bu gərginliyin başlanğıcı təyyarə qəzası ilə bağlı insidentdən qaynaqlanıb və sonrakı mərhələdə Rusiyanın müxtəlif bölgələrində yaşayan və çalışan azərbaycanlı miqrantlara qarşı artan təzyiqlərlə davam edib:

“Azərbaycanla qarşıdurma Rusiyanın strateji maraqlarına ziddir, lakin ayrı-ayrı qruplar bu gərginlikdən öz maraqları naminə istifadə etməyə çalışırlar. Yanğına yağ tökmək, vəziyyəti daha da kəskinləşdirmək istəyən, bundan faydalanmağa çalışan xeyli daxili və xarici qüvvələr mövcuddur. Rəsmi Bakı öz vətəndaşlarının hüquq və azadlıqlarını qətiyyətlə müdafiə edərkən bu cür qüvvələrə fürsət vermədiyi kimi, Moskva da eyni məsuliyyəti Rusiyada nümayiş etdirməlidir. Təəssüf ki, Rusiya ya bunu bacarmır, ya da etmək istəmir”.

Politoloqun fikrincə, Rusiyada qərarverici dairələr anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təzyiq sonda bumeranq effekti ilə özlərinə qayıdacaq:

“Unudulmamalıdır ki, Azərbaycan təkcə yüksələn güc deyil, eyni zamanda Rusiyanın Qlobal Cənuba açılan ən vacib qapılarından biridir. Onsuz da “Qərb cəbhəsində” düşdüyü bataqlıqdan çıxa bilməyən Rusiya üçün cənub dəhlizinin bağlanması real fəlakətə çevrilə bilər. Bir çox amilləri nəzərə aldıqda aydın olur ki, Azərbaycanın təzyiq rıçaqları Rusiyanınkından daha təsirli və daha effektivdir”.

F.Məhərrəmli son vaxtlar azərbaycanlı miqrantlara qarşı artan təzyiqlər və guya onların kütləvi şəkildə geri göndəriləcəyi ilə bağlı yayılan iddiaların reallığı əks etdirmədiyini də vurğulayıb:

“Bu, blefdən başqa bir şey deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya miqrasiya qəbul edən və buna məcbur olan ölkədir. Davamlı miqrant axını olmasa, Rusiya iqtisadiyyatının bir sıra əsas sektorları iflic vəziyyətinə düşər. Bu isə mövcud şəraitdə rusların qətiyyən arzulamadığı ssenaridir.

Rusiya Prezidenti Düşənbədə keçirilən görüşdə üzərinə götürdüyü və verdiyi öhdəlikləri nə qədər tez yerinə yetirsə, iki ölkə arasındakı münasibətlər də bir o qədər tez normallaşa bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
61
editor.az

1Источники