“2026-cı ilin beynəlxalq sistemdə “sülh ili” kimi yadda qalması ehtimalı var, amma bu, avtomatik baş verəcək romantik ssenari deyil. Mövcud qlobal reallıqlar göstərir ki, dünya nizamı hələ də keçid mərhələsindədir və bu keçid ağrısız olmur. Ukrayna müharibəsi, Yaxın Şərqdə xroniki gərginlik, Tayvan boğazı ətrafında risklər və Afrika xəttində dərinləşən böhranlar beynəlxalq sistemin nə qədər kövrək olduğunu açıq göstərir”.
Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Bununla belə, 2025-ci ilin sonuna doğru formalaşa biləcək diplomatik yorğunluq və resurs tükənməsi 2026-cı ildə daha rasional yanaşmaları gündəmə gətirə bilər. Böyük güclər üçün müharibələrin davamı artıq geosiyasi qazancdan çox strateji yükə çevrilir. Bu amil xüsusilə ABŞ, Rusiya və Çin arasında dolayı balans axtarışlarını gücləndirir. Qlobal iqtisadiyyatın zəifləməsi, enerji və logistika zəncirlərində risklərin artması da sülh gündəminə marağı artıran əsas faktorlardandır”.
Politoloq qeyd edir ki, eyni zamanda, beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartlar aradan qalxmadıqca “sülh ili” anlayışı daha çox texniki pauza təsiri bağışlaya bilər.
“Lokal münaqişələrin dondurulması hələ dayanıqlı sülh demək deyil. 2026-cı il ən yaxşı halda böyük müharibələrin genişlənmədiyi, dialoqun önə çıxdığı bir il kimi yadda qala bilər.
Yəni sual sülhün olub-olmamasında yox, sülhün hansı keyfiyyətdə olacağındadır. Əgər 2026 kompromislərin real nəticələr verdiyi il olarsa, tarix onu sülhə dönüş ili kimi qeyd edə bilər. Əks halda, bu il sadəcə fırtına öncəsi sakitlik kimi xatırlanacaq”.
Aynurə İsmayıl
KONKRET.az
