RU

Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrinin payına düşür VİDEO

Bakı, 26 dekabr, AZƏRTAC

“Hüquqşünaslıq” ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi 49 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında 75 nəfər iştirak edib: “Onlardan yalnız 37 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.

Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin payına düşür. Dekabrın 19-da DİM tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərindən 37 müraciətçidən 22-nin, Ukrayna ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiya sahiblərindən isə 29 nəfərdən 6-nın uğursuz nəticəsi qeydə alınıb.

“Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını əsasən Rusiya Federasiyası üzrə Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti, MİREA-Rusiya Texnoloji Universiteti, A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir Dövlət Universiteti, Altay Dövlət Universiteti; Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Y.Mudrıy adına Milli Hüquq Universiteti, T.Şevçenko adına Kiyev Milli Universiteti, Avropa Universiteti, Gömrük və Maliyyə Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universitetindən əldə edib”.

Tural Əhmədov əlavə edib ki, dekabrın 19-da DİM-in keçirdiyi imtahanda “Hüquqşünaslıq” ixtisası üzrə Türkiyə Respublikası Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30 sualdan 27 suala düzgün cavab verərək ən yüksək nəticə əldə ediblər: “Eyni zamanda, sözügedən ixtisas üzrə Türkiyə Respublikasının ali təhsil müəssisələrindən məzun olmuş və imtahanda iştirak etmiş bütün müraciətçilər uğurlu nəticə əldə edib.

Bu istiqamətdə tərəfimizdən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir”.

Избранный
97
5
azertag.az

5Источники