Alimlər siçan təcrübələrində Alzheymer xəstəliyini məğlub etdilər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Demensiyanı sadəcə ləngitmək yox, tamamilə geri çevirmək mümkün olub.
Məlumata görə, alimlər siçanlar üzərində apardıqları təcrübələrdə Alzheymer xəstəliyinə qalib gəlməyi bacarıblar.
Məlum olub ki, demensiyanı (ağıl zəifliyini) sadəcə ləngitmək deyil, həm də prosesi geri çevirmək mümkündür. Təcrübə zamanı heyvanların yaddaşı və düşünmə qabiliyyəti tamamilə bərpa olunub.
100 ildən artıqdır ki, bu xəstəliyin müalicəsinin qeyri-mümkün olduğu düşünülürdü. Lakin tədqiqatçılar müəyyən ediblər ki, xəstəliyin əsas səbəblərindən biri hüceyrələrə enerji verən “NAD+” molekulunun çatışmazlığıdır. Alimlər bu molekulun balansını qorumağa kömək edən xüsusi preparat tətbiq ediblər.
Müalicədən sonra siçanlarda beyin zədələnmələri və iltihab yox olub, yeni sinir hüceyrələri yaranmağa başlayıb və neyronlar arasındakı əlaqələr bərpa edilib.
Bu metod xəstəliyin müxtəlif növlərində özünü doğruldub. Hazırda alimlər sınaqların insanlar üzərində keçirilməsinə hazırlaşırlar.
Xuraman Etibarlı
İnterpress.az