RU

Hikmət Quliyev: Qərbi Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında folklor yaddaşı böyük potensiala malikdir

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında Qərbi Azərbaycan folklorunun bu sahədəki strateji hədəflərin elmi təminatında böyük potensiala malik olduğunu vurğulayıb. Folklorun xalqın milli, tarixi və genetik yaddaşının əsas mənbələrindən biri olduğunu qeyd edən alim, Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsində tarixi yaddaşın əhəmiyyətinə xüsusi nəzər yetirib.

Hikmət Quliyev Prezident İlham Əliyevin 3 il əvvəl öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladıb. O qeyd edib ki, cənab Prezidentin həmin görüşdəki nitqi Qərbi Azərbaycan siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Alim xüsusilə də Ali Baş Komandanın vurğuladığı “tarixi yaddaş” məsələsinə diqqət çəkərək Qərbi Azərbaycana qayıdışda bu faktorun böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Hikmət Quliyev çıxışında həmçinin cənab Prezidentin bu il noyabrın 3-də AMEA-nın 80 illik yubileyindəki çıxışını xatırladaraq qeyd edib: “Cənab Prezident toponimlər üzərində xüsusi dayanaraq Göyçə və Sevan toponimlərini müqayisə etdi. Qeyd etdi ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün: indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur; o xəritələrdə Göyçə gölüdür və bütün digər istifadə etdiyimiz tarixi toponimlər orada öz əksini tapıb”.

Hikmət Quliyev folklorun yalnız bayatı, nağıl, əfsanə və rəvayətlərdən ibarət olmadığını, həm də onu yaradan və daşıyanların, o cümlədən Qərbi azərbaycanlıların ruhuna, qanına-canına hopmuş yaşayan tarixi yaddaş olduğunu bildirib. O, professor Yaşar Qarayevin “Göyçəyə qayıdan yol folklordan keçir” fikrinə istinad edərək Qərbi Azərbaycana aparan yolun tarixi yaddaşın bərpasından və bölgə əhalisinin folklorunun sistemli araşdırılmasından keçdiyini vurğulayıb.

Konfransda müzakirə olunacaq mövzulara nəzər yetirən Hikmət Quliyev qeyd edib ki, tədbir təkcə Qərbi Azərbaycan folkloru ilə məhdudlaşmır. “Dərələyəz”, “Göyçə”, “Ağbaba”, “Dərəçiçək”, “Zəngibasar”, “Vedibasar” və “Qırxbulaq” adlanan panellərdə xalq yaddaşı, tarixi sənədlər, etnoqrafiya, vətən anlayışı, milli kimlik, yurd itkisi motivləri, aşıq sənəti, şivələr, toponimikanın folklorda əksi, ədəbiyyatda Qərbi Azərbaycan mövzusu və folklorda süjet və motivlərin variantlaşma xüsusiyyətləri kimi mövzular da müzakirə olunacaq.

Çıxışının sonunda Hikmət Quliyev vurğulayıb ki, ümumilikdə 106 məruzənin təqdim olunacağı konfrans Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi, qorunması və tədqiqi, həmçinin elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

Избранный
45
1
azertag.az

2Источники