RU

Çinli cərrahlar dünyada ilk dəfə xəstənin qulağını ayaq pəncəsinə köçürərək xilas ediblər

İstehsalat qəzası zamanı tamamilə qopmuş qulaq qeyri-adi mərhələli əməliyyatla əvvəlcə ayaqda saxlanılıb, daha sonra əvvəlki yerinə qaytarılıb...

Poliqon xəbər verir ki, Çində həkimlər tibbdə misli görünməmiş bir əməliyyata imza ataraq istehsalat qəzası zamanı qulağını tam itirən qadın xəstəni xilas ediblər. South China Morning Post nəşrinin yazdığına görə, ağır qəza nəticəsində xəstənin baş dərisi, boynu və üz nahiyəsi ciddi şəkildə zədələnib, dəri çoxsaylı fraqmentlərə parçalanıb, qulaq isə baş dərisi ilə birlikdə tamamilə qopub.

Məlumata görə, cərrahlar ilkin mərhələdə baş dərisini ənənəvi rekonstruktiv üsullarla bərpa etməyə çalışıblar. Lakin qəza zamanı baş dərisinin toxumaları və qan damarları o qədər ağır zədələnib ki, bu metodlar effekt verməyib. Qulağın birbaşa yerinə tikilməsi mümkün olmadığından, həkimlər qeyri-standart, lakin həyati vacib qərar qəbul ediblər.

Çinli cərrahlar dünyada ilk dəfə olaraq qopmuş qulağı müvəqqəti olaraq xəstənin ayaq pəncəsinə köçürüblər. Ayaq nahiyəsində qan dövranının nisbətən yaxşı olması qulağın toxumalarının canlı saxlanmasına imkan verib. Bu mərhələdə əsas məqsəd qulaq toxumasını nekrozdан qorumaq və damar əlaqələrini tədricən bərpa etmək olub.

Bir neçə ay davam edən müalicə və müşahidə dövründən sonra, qulaq toxuması stabil vəziyyətə gətirildikdən sonra cərrahlar onu yenidən baş nahiyəsinə köçürüblər. Əməliyyat uğurla başa çatıb, qulaq formasını və funksiyasını böyük ölçüdə qoruyub saxlayıb.

Mütəxəssislər bildirirlər ki, bu unikal tibbi təcrübə gələcəkdə ağır travmalar zamanı üz və qulaq kimi mürəkkəb orqanların bərpası üçün yeni imkanlar aça bilər. Hadisə rekonstruktiv və mikrocerrahiyyə sahəsində mühüm irəliləyiş kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники