RU

Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.

Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödəniləcək, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürüləcək, habelə innovativ fəaliyyətin inkişafına yönəldiləcək.

İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə biləcək. Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə biləcək.

Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla işəgötürən ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu başqasına verdikdə işəgötürənin götürdüyü gəlir işçiyə verilən haqqın məbləğinə uyğun gəlməzsə və ya əgər işəgötürən obyektin istifadəsində iştirakını davam etdirərsə və işçiyə ödənilən haqqa uyğun gəlməyən gəlir götürərsə, işçinin haqq məbləğinin artırılmasını tələb etmək hüququ olacaq.

Bu qanunun 39-cu maddəsində bildirilib ki, bu qanunda nəzərdə tutulmuş hallarda "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərdiyi bu qanunda nəzərdə tutulan xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
10
oxu.az

10Источники