RU

Millət qurucusuna həsr olunmuş elmi konfrans

Dekabrın 26-da AMEA Rəyasət Heyətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq konfransın Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. O, qeyd edib ki, Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı həm görkəmli şəxsiyyətə, həm də bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinə dövlət səviyyəsində verilən yüksək dəyərin əməli ifadəsidir. 

İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan elminin qarşısında azərbaycançılıq dəyərlərinin qorunması, tariximizin yenidən yazılması kimi mühüm vəzifələr qoyub və bugünkü konfrans dövlət başçısının çağırışlarının icrası istiqamətində Akademiyada atılmış növbəti addımdır. Hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan tarixinin yenidən yazılması istiqamətində ciddi işlərin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli, o cümlədən Fətəli xan Xoyskinin həyatı və fəaliyyətini geniş əks etdirən sanballı monoqrafiyanın hazırlanmaqda olduğunu diqqətə çatdırıb.

Son illərdə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanın ədəbi-tarixi şəxsiyyətlərin öyrənilməsi istiqamətində geniş addımlar atıldığını deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, sovet hakimiyyəti illərində xalqların əridilməsi, onların milli keçmişinin unutdurulması, “vahid sovet xalqı” təfəkkürünü formalaşdırılması siyasəti həyata keçirilmiş, nəticədə tarixi hadisələr öyrənilməklə tarixi şəxsiyyətlər tədqiqatlardan kənarda qalmışdır. 

Akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyada Ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətti əsas götürməklə tariximiz, görkəmli şəxsiyyətlərimiz, o cümlədən də Fətəli xan Xoyskinin zəngin irsi yenidən dərindən öyrənilir və bu irsin gələcək nəsillərə çatdırılması üçün əməli addımlar atılır.

Konfransda daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimovanın “Fətəli xan Xoyskinin həyatı və fəaliyyəti (yeni arxiv sənədləri və materiallar əsasında)”, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Kamran İsmayılovun “Fətəli xan Xoyskinin milli dövlət quruculuğu və siyasi-hüquqi islahatlar kursu”, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Fətəli xan Xoyskinin siyasi-ideoloji baxışları və dövlətçilik fəlsəfəsi” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı” mövzusunda məruzələri dinlənilib.

Qabil YUSİFOĞLU
XQ

Избранный
5
2
xalqqazeti.az

4Источники