RU

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

ain.az bildirir, Axar.az portalına istinadən.

“Turan” ideyası uzun müddət mədəni romantika kimi təqdim olunsa da, son illərdə bu anlayış real geosiyasi prosesə çevrilməkdədir. Artıq əsas sual “Turan olacaqmı?” deyil, “Turan hansı formatda və kimin mərkəzində formalaşacaq?” sualıdır. Mövcud reallıq göstərir ki, bu prosesin təbii mərkəzi Türkiyə, açar ölkəsi isə Azərbaycandır.

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O, Türkiyəni “liderlik üçün yeganə real namizəd” adlandırıb:

“Turan ideyasının mərkəzi yalnız mədəni yaxınlıqla deyil, həm də siyasi güc, hərbi imkan, diplomatik manevr və qlobal əlaqələrlə müəyyən olunur. Bu baxımdan Türkiyənin alternativi yoxdur. Türkiyə NATO üzvü, G20 ölkəsi, regional hərbi güc və eyni zamanda Qərb, Rusiya, Çin və İslam dünyası ilə paralel dialoq qura bilən nadir aktordur.

Orta Asiya dövlətlərinin heç biri bu səviyyədə strateji muxtariyyətə malik deyil. Buna görə də böyük güclər Turanı vahid dövlət kimi yox, Türkiyə mərkəzli inteqrasiya platforması kimi qiymətləndirir. Türk Dövlətləri Təşkilatı (TDT) Turanın “embrion forması”dır. Bu embrion hər gün böyüyür, yeni şəkil alır və formalaşmaqda davam edir”, - o bildirib.

Onun fikrincə, Azərbaycan xəritəni birləşdirən geosiyasi körpüdür:

“Əgər Türkiyə Turanın siyasi mərkəzidirsə, Azərbaycan onun coğrafi və strateji kilid nöqtəsidir. Orta Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz Xəzərsiz mümkün deyil, Xəzər keçidi isə Bakısız təsəvvür olunmur. Buna görə Orta Asiya resursları və logistika xətləri Qərbə Azərbaycan üzərindən çıxır.

44 günlük müharibədən sonra Azərbaycan regionda status-kvonu dəyişən aktora çevrildi və Türkiyə ilə strateji ittifaqın real nəticə verdiyini sübut etdi. Bu, türk dünyası üçün mühüm presedent oldu: Azərbaycan Turanın “siyasi cəsarət testi”ni keçdi. 44 günlük müharibə göstərdi ki, Azərbaycan status-kvonun məhbusu deyil və Türkiyə ilə tandemi real gücə çevrilə bilir. Bu, bütün türk dünyasına açıq mesaj idi: Türkiyə ilə strateji ittifaq risk yox, nəticə gətirən seçimdir. Eyni zamanda, bu nümunə Orta Asiya liderləri üçün psixoloji baryeri qırdı”.

Zəngəzur dəhlizi ideyasını Turanı abstrakt anlayışdan fiziki reallığa çevirən əsas layihə kimi qiymətləndirən E.Həsənlinin sözlərinə görə, bu dəhliz Türkiyə–Azərbaycan birliyini möhkəmləndirir, Orta Asiyanı Aralıq dənizi ilə bağlayır, Rusiyanın tranzit monopoliyasını zəiflədir və İranı prosesdən kənarda qoyur. Məhz buna görə İran narahatdır, Rusiya ehtiyatlı davranır, Qərb isə prosesi dəstəkləyir.

“Türkiyə–Azərbaycan oxu: Turanın real nüvəsi

Bu ox artıq hərbi, siyasi və diplomatik sahələrdə özünü sübut edib. Ən vacibi isə bu tandem imperial ambisiya deyil, funksional inteqrasiya modeli təqdim edir. Böyük güclər də məhz bu səbəbdən prosesə qarşı açıq çıxmır, onu diqqətlə izləyir.

Turan vahid dövlət kimi yaxın perspektivdə mümkün olmasa da, iqtisadi, logistika və siyasi koordinasiya prosesi artıq başlamışdır. Bu prosesdə Türkiyə liderlik edir, Azərbaycan isə açar rol oynayır. Hər bir türk dövləti bu prosesdə öz yerini tutur”, - o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
axar.az

1Источники