RU

Bölgənin nəbzi Bakı vaxtı ilə vurur!

Sülhü və sabitliyi qorumaq üçün: Ayıq olmalıyıq, daim güclü olmalıyıq...

Azərbaycan regionda sabitliyin əsas təminatçısı kimi çıxış edərək Cənubi Qafqazda yeni siyasi təhlükəsizlik arxitekturasının formalaşmasına nail olub. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası yalnız hərbi qələbə ilə məhdudlaşmadı, eyni zamanda bölgədə uzun illər davam edən qeyri-müəyyənliyə son qoyan fundamental geosiyasi reallıq yaratdı. Bu gün məhz Azərbaycanın təşəbbüsü və iradəsi ilə irəli sürülən sülh gündəliyi regional inkişafın əsas istiqamətini müəyyənləşdirir. Yeni kommunikasiya xətləri, iqtisadi inteqrasiya imkanları və təhlükəsizlik mexanizmləri Bakının müəllifi olduğu bu prosesin tərkib hissəsidir. Bir sözlə, bölgənin nəbzi Bakı vaxtı ilə vurur.

Potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq...

Lakin mövcud reallıqlar arxayınlıq üçün əsas vermir. Tarix və beynəlxalq təcrübə göstərir ki, sülh yalnız güclü dövlətlərin qoruyub saxlaya bildiyi dəyərdir. Bu baxımdan Azərbaycan daim ayıq-sayıq olmalı, populist bəyanatlara və zahiri xoş niyyət nümayişlərinə aldanmamalıdır. Milli maraqların təminatı üçün iqtisadi potensialın daha da gücləndirilməsi, ordunun müasir çağırışlara uyğun inkişafı və diplomatik mövqelərin genişləndirilməsi strateji zərurət olaraq qalır. Çünki davamlı və ədalətli sülhə nail olmağın yeganə yolu potensial təhdidlərdən hər zaman bir neçə addım öndə olmaq, güc balansını ölkəmizin xeyrinə saxlamaqdır. Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı buraya köçən sakinlərlə görüşündə bildirib ki, şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq: “Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”.

Rusiya təyyarələri, İran “TIR”ları, Fransa “karvanı”...

2016-cı ildə baş vermiş Aprel döyüşləri Ermənistan və onun hamiləri üçün bir siqnal oldu - Bakı cəmi 4 gün ərzində Ermənistana dərs verdi. Ermənilərin özləri haqda yaratdıqları “mif” darmadağın oldu. Məlum oldu ki, Azərbaycanın həm iqtisadi, həm hərbi gücü, həm də diplomatik durumu işğalı sonlandırmaq üçün tam hazırdır. Amma yenə də himayədarlar “işə daxil oldular” - 2016-cı il Aprel döyüşlərindən sonra Ermənistana ixracı qadağan olunan “İskəndər M” raketləri verildi. Məhz həmin raketlərlə II Qarabağ müharibəsi zamanı Şuşa vurulmuşdu. Sirr deyil ki, bu raketlər Ermənistana Rusiyanın “hədiyyəsi” idi və Moskvanın məqsədi bəlli idi. Bu proses, yəni Ermənistana silah-sursat verilməsi, onun stimullaşdırılması 44 günlük müharibədə daha aydın şəkildə göründü:

- Ermənistana Rusiyadan təyyarələrlə silah-sursat daşındı;

- İran ərazisindən Ermənistana silah-sursat keçirildi;

- Fransadan böyük “TIR” karvanları İrəvana yol aldı.

Həmin günlərdə bütün bu faktlar mediada öz əksini tapmışdı  - hətta silah daşıyan Rusiya təyyarələrinin uçuş trayektoriyaları, İranın yük maşınlarının, dəmir yolu vasitəsilə silah daşınmasının videogörüntüləri belə vardı. 

Bunu təsdiqləyən ən böyük fakt isə müəyyən miqdarı Bakıda olan Hərbi Qənimətlər Parkındadır. Ümumilikdə müharibə və antiterror əməliyyatı zamanı Azərbaycanın məhv etdiyi və qənimət götürdüyü silahların məbləği 5-6 milyard dollar təşkil edib. Təsəvvür edilə bilər ki, ümumilikdə maliyyə resursu olmayan Ermənistana hansı həcmdə hərbi yardım göstərilib.

Hamilərin “çətiri” altında...

30 il torpaqlarımız işğal altında saxlanmaqla yanaşı, ölkəmizə qarşı da selektiv münasibət nümayiş etdirilib. Təcavüzkar dövlətə maddi-hərbi yardımlar edilib, onun dirçəlməsi üçün səy göstərilib. İşğal dövründə, 1998-ci ildə Rusiya tərəfindən Ermənistana 1 milyard dollar məbləğində silah-sursat verilməsi, bu prosesin sonrakı illərdə müntəzəm qaydada davam etməsi yaddan çıxmayıb. Ermənistan o dövrdə bütün beynəlxalq hüququ ayaqlar altına almışdı - hətta Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan hərbi qüvvələri xidmət göstərirdi. Beynəlxalq hüquqa qarşı bu qədər saymamazlıq belə beynəlxalq reaksiyaya səbəb olmurdu - Ermənistana qarşı heç bir tədbir həyata keçirilmirdi.

Cəzasızlıq isə işğalçını daha böyük hüquq pozuntularına şirnikləndirdi. Nəticədə, Azərbaycanla bağlı ritorikasında yeni işğal haqqında danışmağa başladı - bu, birmənalı şəkildə xarici qüvvələrin dəstəyinə, himayədarlığına arxayınlıqdan qaynaqlanırdı.

Fransa və Hindistandan milyardlıq silah təminatı...

Həmin yardımlar bu və ya digər şəkildə yenə də davam edir. Fransa və Hindistanın timsalında İrəvan silahlandırılır. Fransa Ermənistana 26 ədəd “Bastion” zirehli transportyoru “satıb”. Həmçinin, Paris İrəvana onlarla “Sezar” artilleriya qurğusu ötürüb. 2024-cü və 2025-ci illərdə bu proses aktiv şəkildə aparılıb. Hələ 2024-cü il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanmışdı. Bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrəvan azı 200 milyon avro vəsait xərcləyib. Bu pullar hardandır? Axı Ermənistanın bu qədər pulu yoxdur.

Və ya Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43 faizi Hindistandan gəlib. Son illər Hindistan Ermənistan silahlı qüvvələrinin əsas silah tədarükçüsünə çevrilib. Tərəflər 2022-2023-cü illərdə yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində Nyu-Dehli Ermənistana çoxsaylı raket sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatlarını təhvil verib. Hindistan  Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan  təkcə 2024-2025-ci maliyyə illəri üçün Hindistandan 600 milyon dollarlıq silah alıb.

Bu, olduqca böyük rəqəmlərdir və Ermənistanın iqtisadi gücü həmin borcu qarşılamaq durumunda deyil. Maliyyə resursları olmayan Ermənistan Hindistanla milyardlarla dollar həcmində silah alışı müqavilələrini hansı mənbələr hesabına bağlayır? Təbii ki, mənbələr dəyişmir - Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən, sülhə qarşı olan “ünvanlar” burada əsas mənbə rolunda çıxış edir.

Pərviz SADAYOĞLU

Избранный
27
1
yeniazerbaycan.com

2Источники