RU

Həmrəylik Günü münasibətilə İstanbulda tədbir keçirilib

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlər 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda bir araya gəliblər.

“İki sahil” xəbər verir ki, bununla bağlı Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi (TAHD) tərəfindən xüsusi proqram təşkil edilib.

Əvvəlcə Bağlarbaşı Mədəniyyət Mərkəzində həkimlərin konfransı baş tutub. Sonra İstanbulda fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının təqdimatında Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri əsasında hazırlanan “Yağışdan sonra” tamaşası nümayiş olunub.

Tamaşadan sonra çıxış edən Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Vüqar Cəfər, TAHD-ın qurucu sədri Günay Əliyeva, Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarova, Üsküdar Bələdiyyəsi sədrinin müavini Tahsin Usta, Şimali Kipr Türk Cumhuriyyətinin İstanbuldakı konsulu Ülkü Alemdar bu kimi tədbirlərin həm Azərbaycan diasporunun birlik və bərabərliyini möhkəmləndirdiyi, həm də Türkiyə–Azərbaycan mədəni əməkdaşlığına güclü töhfə verdiyini qeyd ediblər. Çıxış edənlər Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin qardaş ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən həkimlərimizi bir çətir altında birləşdirdiyini qeyd ediblər.

Bildirilib ki, Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi yalnız səhiyyə sahəsində deyil, mədəni, sosial və ictimai həmrəylik istiqamətlərində də fəal olmağı əsas hədəflərindən biri hesab edir. Tamaşanın nümayişi də həmin baxışın bariz nümunəsidir. Dərnək qarşıdakı dövrdə də mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində oxşar tədbirlərlə həm diaspora daxilində həmrəyliyi gücləndirməyi, həm də iki qardaş ölkə arasındakı əlaqələri daha da möhkəmləndirməyi hədəfləyir.

Tədbirin əsas məqsədlərindən biri Türkiyədə çalışan azərbaycanlı həkimlər arasında peşəkar və bəşəri bağların daha da möhkəmlənməsinə töhfə vermək, ortaq layihələr barədə fikir mübadiləsi aparmaq olub.

Qeyd edək ki, Minə Bayrakerinin rejissorluğu ilə ərsəyə gələn tamaşanın truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı Aylin Axundova, səs tərtibatçısı Hilal Alp, aktyorlar Neda Sözbir, Mehmet Türkbeyler, Vüsalə Əsgərova, Maruf Demirtaş, Jale Çinar, Bülent Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanovadır.

Избранный
29
ikisahil.az

1Источники