RU

Budapeştdə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib

Budapeşt, 29 dekabr, AZƏRTAC

Budapeştdə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Macarıstan Məzunlar Birliyinin (AHAU) təşkilatçılığı və Macarıstandakı Azərbaycan Evinin dəstəyi ilə baş tutan tədbirdə Budapeştdə yaşayan azərbaycanlı icma üzvləri bir araya gəliblər.

Tədbir Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və Azərbaycan-Macarıstan Məzunlar Birliyinin həmtəsisçisi Günay Bayramovanın açılış nitqləri ilə başlayıb. Soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik olunub, diaspor fəaliyyətində birliyin, həmrəyliyin və birgə təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın özündə və dünyanın 70-dən çox ölkəsində geniş şəkildə qeyd olunur. Bu əlamətdar gün xaricdə yaşayan həmvətənlərimiz arasında milli birlik və təşkilatlanmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda tədbir iştirakçılar arasında ünsiyyəti gücləndirən şəbəkələşmə oyunları və milli yallı rəqsi ilə xoş və səmimi ab-havada yekunlaşıb.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Избранный
63
1
azertag.az

2Источники