"Mən hər günün, həftənin, ayın, eləcə də ilin sonunda geridə qalan zaman kəsiyini dəyərləndirən insanlardanam. Bu baxımdan düşünürəm ki, 2025-ci il həm mənim, həm də təmsil etdiyim təşkilat üçün uğurlu və məhsuldar illərdən biri olmuşdur. İl ərzində həm xarici ölkələrə, həm də ölkə daxilində çoxsaylı səfərlərim baş tutmuşdur. Bu səfərlər fəaliyyətimizin daha müsbət istiqamətdə inkişaf etməsinə, yeni əməkdaşlıqların qurulmasına və icra olunan layihələrin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli töhfə vermişdir".
Bu fikirləri “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva QHT.az-a bildirib. Onun sözlərinə görə, hesabat ilində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən maliyyələşdirilən iki fərqli və uğurlu layihə icra etmişik:
"Eyni zamanda könüllülük prinsiplərinə əsaslanaraq “İlk tibbi yardım – 2” kursunu həyata keçirmiş, bu kurs çərçivəsində iştirakçıların tibbi bilik və praktiki bacarıqlarının artırılmasına nail olmuşuq. Göstərilən dəstək nəticəsində əlilliyi olan uşaqların analarından 32 nəfər tibbi istiqamətdə maarifləndirilmiş və gündəlik həyatda tətbiq oluna bilən tibbi bacarıqlar əldə etmişdir. Bununla yanaşı, Qəbələ rayonunda 15 nəfər üçün turizm və otelçilik sahəsində təlimlər keçirilmiş, həssas qruplardan olan 12 xanıma milli və müasir əl işləri üzrə bacarıqlar öyrədilmişdir. Eyni zamanda Qəbələ rayonunda qədim üslubda söhbətgah inşa edilmiş, bu məkan yerli icma üçün sosial ünsiyyət və asudə vaxt mərkəzinə çevrilmişdir".