Qırğızıstan prezidenti Sadır Japarov Atambayevin dövlət mükafatlarından məhrum edilməsi ilə bağlı müvafiq fərman imzalayıb...
Poliqon xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarovun imzaladığı fərmana əsasən, ölkənin sabiq dövlət başçısı Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib. Qərar rəsmi şəkildə qüvvəyə minib və icrası müvafiq qurumlara tapşırılıb.
AKIpress agentliyinin məlumatına görə, Almazbek Atambayevin malik olduğu mükafatlar sırasında “Dank” medalı, “Danaker” və “Manas” ordenləri, eləcə də Qırğızıstanın ali fərqlənmə dərəcəsi olan “Qırğız Respublikasının Qəhrəmanı” adı yer alıb. Fərmana əsasən, məhkəmə icraçıları xidmətinə bu mükafatların müsadirə edilərək dövlət mükafatları fonduna təhvil verilməsi tapşırılıb.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında Qırğızıstan məhkəməsi Almazbek Atambayevi qiyabi qaydada korrupsiya və kütləvi iğtişaşların təşkili ittihamları üzrə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sabiq prezident isə açıqlamalarında günahının sübuta yetiriləcəyi təqdirdə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi qarşısına şəxsən çıxmağa hazır olduğunu bildirib. O vurğulayıb ki, bunun üçün Qırğızıstan hakimiyyəti Roma Statutunu ratifikasiya etməlidir.
Almazbek Atambayev 2011–2017-ci illərdə Qırğızıstan prezidenti vəzifəsində çalışıb. O, 2020-ci ildə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Təxminən üç il cəzaçəkmə müəssisəsində qaldıqdan sonra hökm ləğv olunub və bundan sonra Atambayev İspaniyaya köçüb.
Qeyd edək ki, sabiq prezidentin dövlət mükafatlarından məhrum edilməsi Qırğızıstanda siyasi və hüquqi müstəvidə geniş müzakirələrə səbəb olub.
Poliqon.info