Bir xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi bütövlüyünü yaşadan əsas dəyərlərdən biri həmrəylik və birlik ideyasıdır. Xalqımızın tarixində bu ideyanın ən parlaq və rəmzi təcəssümü 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır. Ulu Öndər Heydər Əliyev demişdir ki, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev öz uzaqgörən siyasəti ilə xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident cənab İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.
Milli birlik, azadlıq, suverenlik yolunda bizi birləşdirən, düşmən tapdağında olan torpaqlarımıza qaytaran məhz həmrəyliyimiz oldu. Həmrəyliyimiz bizi qalib, Zəfər qazanmış xalqa çevirdi. Həmrəyliyimiz, birliyimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə ucaltdığı Dövlət Bayrağında öz əksini tapdı, birliyimiz Laçın sərhəd-buraxılış məntəqəsindən pərvazlanıb üzü Qərbi Azərbaycan yurdlarına sarı qanadlandı. Bir zamanlar Azərbaycanı sıradan, kiçik bir dövlət bilənlərə də cavabımız həmrəyliyimiz oldu.
Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu isə dünya azərbaycanlılarının gücünü, həmrəyliyini və birliyini artırıb. Bu, müsbət inkişaflar, eyni zamanda, həmrəyliyin və birliyin güclənməsinə xidmət edən əsas amilə çevrilib
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini