Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"2026‑cı ildə Azərbaycanda iqtisadi vəziyyət əsasən sabit qalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
O, bildirib ki, 2026-cı ildə sürətli artım gözlənilmir:
"Ümumi daxili məhsul əvvəlki illərə nisbətən bir qədər artacaq, amma əsas yüksəliş qeyri‑neft sektorunda olacaq. İşçilərin maaşlarından tutulacaq gəlir vergisi isə əhalinin gəlirlərinin azalmasına səbəb olacaq. Neft gəlirləri də bir qədər azalacaq və bu ailə büdcəsinə mənfi təsir edəcək. İnflyasiyanın nisbətən nəzarət altında qalacağı, təxminən 5–6 % civarında olacağı gözlənilir. Lakin bu rəqəmlər bir qədər daha yüksək də ola bilər".

Akif Nəsirli vurğulayıb ki, gələn il dövlət büdcəsi xərcləri gəlirlərdən bir qədər artıq ola bilər, bu isə bəzi sahələrdə maliyyə təzyiqi yaradacaq:
"Ümumilikdə hökumət iqtisadiyyatın neftdən asılılığını azaltmağa çalışdığından daha çox danışır, amma bunu əməldə həyata keçirmək və diversifikasiyanı gücləndirmək vacibdir. Bu məsələlərdə təbliğat heç nəyi dəyişmir, əməli iş görmək lazımdır. Onu da eləmirlər. Yəni şərait yaratmaq - inhisarçılığı aradan qaldırmaq, sahibkarlığa əngəl olan bütün maneələri götürmək, maliyyə amnistyası vermək, qanunun aliliyini və məhkəmələrin müstəqilliyinı təmin etmək və s. lazımdır ki, kapitalı və bacarığı olan hər kəs sahibkarlıqla məşğul ola bilsin”.
Akif Nəsirli hesab edir ki, gələn il üçün əsas risklər neft qiymətlərinin düşməsi və qlobal tələbin zəifləməsi ilə bağlıdır:
"İş yerləri və əmək bazarı stabil qalacaq, amma bəzi sahələrdə maaş siyasəti və vergi dəyişiklikləri səbəbindən adaptasiya tələb oluna bilər”.
Bahar Rüstəmli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.