RU

Almaniyada xilasetmə qüvvələrinə qarşı zorakılıq halları ilə bağlı cəzalar sərtləşdirilir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 28 dekabr, AZƏRTAC

Almaniyada polis, yanğınsöndürən və digər xilasetmə qüvvələrinə qarşı zorakılıq hallarının artması fonunda cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, federal ədliyyə naziri Stefanie Hubiq xüsusilə Yeni il gecəsində təhlükəsizlik və xilasetmə xidmətlərinin əməkdaşlarına qarşı hücumların qəbuledilməz həddə çatdığını bildirib.

Hazırlanan qanun layihəsi polis, yanğınsöndürmə, təcili tibbi yardım xidmətlərinin əməkdaşlarına və məhkəmə icraçılarına qarşı fiziki hücumlara görə minimum həbs cəzasının üç aydan altı aya qaldırılmasını nəzərdə tutur. Hücumların əvvəlcədən planlaşdırılması və pusqu şəraitində törədilməsi hallarında isə bu cəza ən az bir il ola bilər.

Federal daxili işlər naziri Aleksander Dobrindt də zorakılığın artıq istisna hal olmadığını bildirərək, təhlükəsizlik qüvvələrinin daha güclü hüquqi müdafiəyə ehtiyac duyduğunu vurğulayıb.

Federal Kriminal İdarənin məlumatına əsasən, 2024-cü ildə polis əməkdaşlarına qarşı zorakılıq hallarının sayı əvvəlki illə müqayisədə 0,3 faiz artaraq 46 min 357 olub. Qeyd edək ki, 2017-ci ildən qüvvədə olan sərtləşdirilmiş qanunvericiliyə baxmayaraq, təhlükəsizlik və xilasetmə qüvvələrinə qarşı hücumların sayı ardıcıl şəkildə artmaqda davam edir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
azertag.az

1Источники