RU

“Vaxtında həkimə aparın, sonra çətin olacaq” - Həkimdən valideynlərə XƏBƏRDARLIQ

“Uşaqlar arasında virus infeksiyaları daha çox yayılır, çünki onlar kollektiv şəraitdə - məktəbdə, bağçada və digər kollektiv yerlərdə olurlar. Bir uşaqdan digərinə yoluxma inkubasiya dövrü zamanı baş verir, valideynlər isə uşağın xəstə olduğunu bilmirlər. Nəticədə xəstəlik uşaqlar arasında yayılar və onlar xəstələnir”.

Bunu “Yeni Sabah”a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib.

İnfeksiyanın yayılması və ağırlaşmaların olması səbəbinə gəlincə, həkim deyib ki, adətən valideynlər uşaq xəstə olduqda dərhal müalicə təyin etmirlər, həkimə göstərmirlər, sadəcə “öz-özünə keçəcək” deyə gözləyirlər.

“Lakin bu, düzgün yanaşma deyil. Çünki bəzən uşağın bədənində kiçik bir problem qala, müəyyən əlamətlər uzun müddət sonra xroniki formaya keçə və daimi şəkildə inkişaf edə bilər. Buna görə valideynlər xəstəliyi gözləmək əvəzinə, vaxtında həkimə aparmalıdırlar”.

R.Bağırovun sözlərinə görə, viruslar hər zaman pnevmoniyaya səbəb olmur: “Viruslar hər zaman pnevmoniya yaratmır, yalnız bədən zəif olduqda, xəstəlik uzun müddət müalicə edilmədikdə baş verir. Bu, virusun növündən deyil, insanın immunitetindən, qidalanmasından və digər şəraitlərdən asılıdır.

Uşaqlarda qrip və digər viruslar ciddi problem yaratmır. Məsələn, COVID-19 dövründə 16 yaşına qədər uşaqlarda ölüm halları demək olar ki, qeydə alınmamışdı. Bunun səbəbi uşaqların immun sisteminin viruslara qarşı kifayət qədər güclü olmasıdır. Virus uşağın orqanizminə düşdükdə inkişaf edə bilmir, yalnız bəzi mikrobları aktivləşdirir. Bu mikroblara qarşı antibakterial müalicə aparmaq lazımdır. Əgər müalicə olunmazsa, həmin mikroblar pnevmoniya və daha ağır hallara səbəb ola bilər”.

Ekspert valideynlərə xəbərdarlıq edərək bildirib ki, uşaqların immunitetinin güclü saxlanması, vaxtında həkimə müraciət və lazım gəldikdə antibakterial müalicə ciddi xəstəliklərin qarşısını alır:

“Ümumiyyətlə, uşaqların immun sistemi viruslara qarşı müdafiə mexanizmini yaxşı qurur və virusların yaratdığı problemlər yalnız bakterial infeksiya baş verəndə ciddi olur. COVID-19 virusu özü birbaşa ölümə səbəb olmurdu, problem bakterial infeksiyalarda idi. Beləliklə, uşaqlar arasında virus infeksiyaları yayılır, amma ciddi xəstəlik və ölüm hallarının yaranması, əsasən, immunitetin zəif olması və vaxtında müalicə olunmaması ilə bağlıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
14
24
yenisabah.az

10Источники