Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılar Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbir İzmir və Manisada təhsil alan tələbələrin iştirakı ilə baş tutub və milli birlik, həmrəylik və qardaşlıq ruhu ilə dolu unudulmaz anlara səhnə olub.
Tədbir iştirakçılarını salamlayan dərnək sədri Eşref Tuna Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Tədbirin əsas yükünü üzərinə götürən tanınmlş aktrisa Roza İbadova Koçamaz təxminən 7 saat boyunca hazırladığı bir-birindən maraqlı, əyləncəli və milli ruhlu bölmələrlə iştirakçılara unudulmaz təcrübə yaşadıb.
Tədbirdə iştirak edən İzmir və Manisada təhsil alan azərbaycanlı və Türk dünyasından olan tələbələr çıxışları və mənəvi dəstəkləri ilə gecəyə xüsusi rəng qatıblar.
Mədinə Qocayeva, Aytac Xəlilova, Jalə Əhmədova, Xədicə Rəhimova, Nəzrin Musayeva, Rəvan Qurbanov, Sima İsmayılova, Şəhriyar Huseynov, Kənan Hüseynov, Əli Poladzadə, Əli Əliyev və Ülvü Məmmədquliyev həm ifaları, həm də Azərbaycan milli rəqsləri ilə ortalığı canlandıraraq tədbirin ruhunu yüksəldiblər.
Tədbir çərçivəsində gənclər arasında milli dəyərləri əks etdirən suallarla bilgi yarışmaları keçirilib, fərqlənənlərə hədiyyələr təqdim olunub. İl ərzində dərnəyin fəaliyyətlərinə töhfə verən şəxslərə və qurumlara təşəkkürnamələr verilib.
Azərbaycanlı yazar Nigar Ögeday tədbir iştirakçılarına 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məıumat verib.
Azərbaycan mətbəxinə xas olan təamları evlərində hazırlayaraq iştirakçılara təqdim edən azərbaycanlı xanımlar bir neçə saatlıq da olsa tələbələrə ana mətbəxini xatırladıblar.
Nərgiz Məmmədli