“Neftçi”nin “mətbəx”ində olmasam da, qulaq yoldaşı olaraq eşitdiyim xəbər heç də xoş gələcək vəd etmir.
Eşitdiyim odur ki, “ağ-qaralar” mövsümlərarası fasilə dönəmində illik transfer büdcəsini tam boşaldım.
Kisənin dibində qəpik-quruş qalıbmış ki, onun üstünü düzəldib Vensan Abubakarı gətiriblər. Bundan o tərəfə yol yoxdur.
Sponsorlar tərəfindən 2025 /26 mövsümü üçün bəlli məbləğ müəyyənləşdirilib. Ona uyğun addım atılıb. Lazımsızlar göndərilib, onların yerinə 15 nəfər cəlb olunub.
Hazırda komandaya bir mərkəz müdafiəçisi lazımdır. Lap yarımmüdafiəçilərdən birini göndərmək bahasına olsa belə, bir nəfər mütləq gəlməlidir.
Qarşıdan çempionatın ən qaynar dönəmi gəlir. Arxa xəttin mərkəzində İqor Ribeyrodur, Elvin Bədəlov və Murad Xçayev. Cəza və zədə risklərini nəzərə alsaq, uzun yolu üç nəfərlə uğurla başa vurmaq mümkünsüz görünür.
Yola vermək, avrokuboklara vəsiqəsiz qalmaq olar. Niyə olmasın ki?
Ancaq söhbət hədəfə çatmaqdan gedirsə, intizamsız Ribeyroyla, ehtiyatda qalan Xaçayevlə, sabit oyunu ilə seçilməyən Bədəlovla çətin görünür, çox çətin.
“Neftçi” rəhbərliyi Yuri Vernidubun üzünü güldürmək istəyirsə, nəyin bahasına olur-olsun, lap əlavə sponsor cəlb etmək naminə belə, bacarıqlı stoper gətirməlidir.
Bacarmasalar, əsl tamaşanı qışdan sonra izləyəcəyik.
HƏBİB / SPORTİNFO.AZ