Bakı, 30 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılarla və sərnişinlərlə görüş keçirib.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində təşkil olunan tədbirdə sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışanlara üzərilərinə düşən vəzifələr haqqında bir daha geniş məlumat verilib, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, həmçinin iş və istirahət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Avtobuslarda səfərə çıxmağa hazırlaşan sərnişinlərə isə hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, qayda pozan sürücüləri intizama dəvət etmək tövsiyə olunub, zərurət yarandığı təqdirdə “902- Qaynar Xətt” xidmətinə məlumat vermələri xahiş olunub.
Görüş iştirakçıları tədbiri rəğbətlə qarşılayıb, onların rahat və təhlükəsiz hərəkəti üçün atılan addımların, bu sahədə DYP ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu bildiriblər.