RU

Deputat: Bir millətin ən böyük silahı onun birliyi və sarsılmaz həmrəyliyidir

Bakı, 30 dekabr, AZƏRTAC

Tarix sübut edib ki, bir millətin ən böyük silahı onun birliyi və sarsılmaz həmrəyliyidir. Azərbaycan xalqı üçün "həmrəylik" anlayışı illər keçdikcə sadəcə termin olmaqdan çıxıb, milli kimliyimizin və dövlətçilik tariximizin onurğa sütununa çevrilib. Bu gün biz zəfərlərimizdən qürurla bəhs ediriksə, bunun təməlində məhz milyonlarla ürəyin eyni amal uğrunda döyünməsi dayanır. Dekabrın 31-i isə təqvimlərimizdə xüsusi yer tutur. Belə ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızı ortaq amal ətrafında birləşdirib. Bu həmrəylik bizə mənəvi körpülər qurmağı, sərhədləri aşan sevgi ilə Vətənə bağlı olmağı öyrədib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürüdüb. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil edib. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olan Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb. Ulu Öndər Heydər Əliyevin tükənməz səyləri nəticəsində azərbaycançılıq milli ideologiyamıza çevrilib, cəmiyyətimizdə həmrəyliyə nail olunub, dünya azərbaycanlıları isə vahid ideya ətrafında birləşib. Dahi rəhbər hər zaman məhz milli birlik sayəsində xalqımızın Qarabağ kimi ağır problemdən qurtuluşunun mümkünlüyünü də xüsusi vurğulayıb.

“Ulu Öndər 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında nitqini öz xoş arzuları ilə bitirərək, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyinə diqqət çəkib. Dahi şəxsiyyət xalqımızın, dövlətimizin xoş gələcəyinin milli həmrəyliyimiz, azərbaycançılıq ideyası ətrafında birləşməyimiz sayəsində mümkün olacağını xatırladaraq bu birliyə nail olmağa çağırış edib. Həmin qurultayda Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulub”, - deyə A.Məmmədov bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Onun sözlərinə görə, ötən müddət ərzində həmrəyliyimiz, milli maraqlar uğrunda təşkilatlanmağımız istiqamətində görülən sistemli və müstəsna əhəmiyyətli işlər uğurlu bəhrəsini verib. Azərbaycan xalqı birliyinin təntənəsini Vətən müharibəsində qürurla yaşayıb. Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr həmrəyliyin ən bariz nümunəsidir. Belə ki, 44 günlük Vətən müharibəsində xalq-ordu-dövlət birliyi bir “Dəmir Yumruq” kimi birləşərək işğala son qoyub. Bu Zəfər göstərib ki, siyasi baxışından, yaşadığı məkandan və sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı Vətən mövzusu gələndə tək bir yumruğa çevrilməyi bacarır. Zəfərə gedən yol məhz bu sarsılmaz inamdan və bir-birimizə olan güvəndən keçib. 2022-ci il aprelin 22-23-də dünya azərbaycanlıları öz Zəfər qurultayı kimi fəxarətli titula sahib V Qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımız Şuşada keçiriblər. Qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Onlar öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya göstəriblər.

“Bu gün həmrəyliyimiz yeni bir mərhələyə qədəm qoyub. Artıq biz işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, dirçəldilməsi naminə birləşirik. Hər bir yeni tikilən bina, açılan yol və bərpa olunan abidə bizim gələcəyə olan həmrəy baxışımızın nəticəsidir. Zəfər qazanmaq nə qədər çətindirsə, onu qorumaq və bu zəfəri tərəqqiyə çevirmək bir o qədər məsuliyyətlidir. Həmrəylik bizim dünənimiz, bu günümüz və parlaq sabahımızdır. Bu birlik ruhunu qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki zəfər yalnız həmrəy olanların qismətidir!”, - deyə Anar Məmmədov vurğulayıb.

Избранный
65
2
azertag.az

3Источники