Bakı, 30 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı ili Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan etməsi ilk baxışda urbanistik inkişafın sürətləndirilməsinə yönəlmiş texniki-institusional təşəbbüs kimi görünə bilər. Lakin postmünaqişə dövrünün siyasi reallıqları, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesləri, eləcə də Azərbaycanın regional və qlobal mövqelərinin transformasiyası bu qərarın mahiyyət etibarilə çoxqatlı strateji siyasi mesaj daşıdığını göstərir. Sözügedən qərar urbanistika vasitəsilə dövlətçilik narrativinin yenidən qurulması, milli kimliyin məkan üzərindən bərpası və beynəlxalq legitimliyin möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.
Bu sözlər politoloq Amid Əliyevin “Şəhərsalma və Memarlıq İli 2026”: Urbanistik təşəbbüsdən strateji siyasi hədəfə doğru” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Postmünaqişə dövründə şəhərsalma: məkan üzərindən suverenliyin möhkəmləndirilməsi missiyası
Müasir siyasi nəzəriyyələrdə şəhərsalma yalnız sosial-iqtisadi inkişaf aləti deyil, eyni zamanda, suverenliyin məkan üzərindən institusionallaşdırılması mexanizmi kimi dəyərləndirilir. Azərbaycan nümunəsində bu, xüsusilə aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yeni inzibati-məkan strukturunun qurulması və infrastrukturun sıfırdan inşası faktiki olaraq dövlətin həmin ərazilərə tam siyasi, hüquqi və simvolik qayıdışını ifadə edir.
Bu kontekstdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi postmünaqişə mərhələsinin artıq hərbi-siyasi yox, institusional və sivil inkişaf fazasına keçdiyini nümayiş etdirən açıq mesajdır. Burada şəhərsalma dövlətin münaqişədən sonrakı mərhələdə “normalizasiya” və “dayanıqlılıq” strategiyasının əsas sütunlarından biri kimi çıxış edir.
Memarlıq və milli kimlik: yaddaşın və tarixin yenidən kodlaşdırılması siyasəti
Memarlıq təkcə funksional ehtiyacları ödəyən texniki sahə deyil, o, həm də kollektiv yaddaşın maddiləşmiş formasıdır. İşğal dövründə dağıdılmış şəhərlər, məhv edilmiş mədəni və dini abidələr təkcə fiziki yox, simvolik zorakılığın da göstəricisi idi. Bu baxımdan, postmünaqişə mərhələsində aparılan memarlıq siyasəti, eyni zamanda, tarixi ədalətin bərpası funksiyasını yerinə yetirir.
Prezident İlham Əliyevin təşəbbüsü memarlıq vasitəsilə milli kimliyin müasirliklə ənənənin sintezi əsasında yenidən qurulmasına yönəlmiş siyasi xətt kimi də oxuna bilər. Qarabağda inşa edilən şəhərlərin Azərbaycan milli memarlıq üslubunu müasir texnologiyalarla birləşdirməsi, dini və mədəni irsin bərpasının prioritet elan olunması dövlətin milli kimliyi yalnız keçmişin rekonstruksiyası deyil, gələcəyin layihəsi kimi təqdim etdiyini göstərir.
Şəhərsalma və dövlətin idarəçilik fəlsəfəsi
“Şəhərsalma və Memarlıq İli”, eyni zamanda, dövlət idarəçiliyinin fəlsəfəsindəki dəyişimi də əks etdirir. Bu yanaşma klassik “reaktiv dövlət” modelindən proaktiv və planlı inkişaf dövləti modelinə keçidin göstəricisidir. Uzunmüddətli baş planlar, zonalaşdırma siyasəti, ekoloji dayanıqlılıq və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi Azərbaycanın dövlətçilik konsepsiyasında institusional rasionalizmin gücləndiyini nümayiş etdirir.
Bu kontekstdə şəhərsalma artıq lokal məsələ deyil, milli inkişaf strategiyasının mərkəzi elementi kimi təqdim olunur. Azərbaycan dövləti burada həm investor, həm planlaşdırıcı, həm də normativ qaydalar müəyyən edən əsas aktordur.
Beynəlxalq imic və “yumşaq güc” strategiyası
Müasir beynəlxalq münasibətlərdə şəhərlər və memarlıq layihələri ölkələrin “yumşaq güc” alətlərindən birinə çevrilib. Bakı şəhərinin son onilliklərdə keçdiyi transformasiya, beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan urbanistik mühit Azərbaycanın artıq bu alətdən uğurla istifadə etdiyini göstərir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın beynəlxalq auditoriyaya verdiyi mesajdır: ölkə postmünaqişə mərhələsini təkcə təhlükəsizlik diskursu ilə deyil, inkişaf, modernləşmə və estetik dəyərlər üzərindən idarə edir. Bu, Azərbaycanı regional münaqişə məkanından çıxarıb inkişaf və bərpa modeli təqdim edən aktora çevirir
Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi sırf urbanistik təşəbbüs olmaqdan xeyli kənara çıxır. Bu qərar postmünaqişə dövründə dövlətin siyasi prioritetlərini, milli kimliyin məkan üzərindən yenidən qurulmasını və Azərbaycanın beynəlxalq sistemdə özünü necə təqdim etmək istədiyini əks etdirən strateji siyasi bəyanat kimi dəyərləndirilə bilər.