Elektrik enerjisi və təbii qazdan istifadə edən hər bir abonent bu aydan etibarən aylıq sabit ödəniş edəcək. Tarif Şurasının qərarına əsasən, əhali və birfazalı abonentlər üçün həm işıq, həm də qaz üzrə aylıq sabit tarif bir manat müəyyənləşdirilib.
Xezerxeber.az-ın məlumatına görə, “sabit tarif” anlayışı artıq "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara da daxil edilib. Qanuna əsasən, bu tarif istehlak səviyyəsindən asılı olmayan, infrastrukturun saxlanılması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin bir hissəsinin qarşılanması üçün tətbiq olunur.
Mütəxəssislər bildirir ki, sabit tarif istehlakçının nə qədər enerji istifadə etməsindən asılı olmayaraq, xidmətin daim hazır vəziyyətdə saxlanılması üçün çəkilən xərclərin qarşılanmasına xidmət edir. Bu xərclərə minlərlə işçinin əməkhaqqı, şəbəkələrin istismarı, təmir və təhlükəsizlik tədbirləri daxildir.
İqtisadçı Xalid Kərimli qeyd edir ki, sabit tarif qiymət artımı kimi dəyərləndirilməməlidir. Əksinə, bu mexanizm gələcəkdə kəskin tarif artımlarının qarşısını alan amilə çevrilə bilər. Çünki hazırda "Azərişıq" və "Azəriqaz"ın xərcləri vaxtaşırı tarif dəyişiklikləri ilə istehlakçıların üzərinə yönəldilir.
Beynəlxalq təcrübədə də elektrik enerjisi və qaz üzrə aylıq sabit tariflər geniş tətbiq olunur. Bir sıra ölkələrdə bu məbləğ Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.