ABŞ prezidenti Donald Tramp Venesuela əməliyyatı ilə bağlı ilk dəfə detalları paylaşıb. Tramp hücumun əslində dörd gün əvvəl planlaşdırıldığını, lakin hava şəraitinə görə təxirə salındığını bildirib.
Trampın sözlərinə görə, əməliyyat olduqca sürətli olub. ABŞ-ın elit hərbi bölməsi olan “Delta Force” Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi gecə yatdığı yerdə ələ keçirib. Tramp Maduronun iqamətgahının qısa müddətdə mühasirəyə alındığını və onun qaçmağa vaxtının olmadığını deyib.
"O, o qədər tez ələ keçirildi ki, qaçmaq və ya gizlənmək şansı yox idi", - deyən Tramp əməliyyatı canlı izlədiyini bildirib və bunun dünyada çox az ölkənin edə biləcəyi hərbi manevr olduğunu iddia edib.
"New York Times" qəzeti mənbələrə istinadən bildirir ki, Venesueladakı bir MKİ mənbəsi ABŞ kəşfiyyatına gizli dronlar və kəşfiyyatı vasitəsilə Maduronu tapmağa kömək edib. Bu prosesin 50 milyon dollarlıq mükafat mexanizmi ilə dəstəkləndiyi iddia edilir.
"Maduro nə edirdi?" sualına Tramp Maduronun "qala kimi çox ciddi şəkildə qorunan bir yerdə" yaşadığını deyib. Tramp əməliyyat zamanı qarşı tərəfdə və ya ABŞ qüvvələri arasında heç bir itki olmadığını vurğulayıb. "Heç kim ölməyib, bu, həqiqətən inanılmazdır" deyən Tramp, bir neçə ABŞ əsgərinin yaralandığını və hazırda vəziyyətlərinin yaxşı olduğunu bildirib. "Təyyarələrimizdən heç birini itirmədik. Hamısı geri qayıtdı. Bir vertolyot olduqca güclü zərbə ilə vuruldu, amma biz onu geri qaytardıq…
Bunu etməli idik, çünki bu, hər il 300 min insan itirdiyimiz bir müharibədir. Bir müharibədə bu qədər itki yaşamırıq"- deyə ABŞ prezidenti bildirib.
Tramp, Venesuelada bundan sonra atılacaq addımlarla bağlı qərarların hazırda qəbul edildiyini deyib: "Başqasının namizəd olmasına və hakimiyyəti ələ keçirməsinə risq edə bilmərik. Buna müdaxilə edəcəyik, xalqa azadlıq gətirmək istəyirik".
Venesuela xalqının baş verənlərdən məmnun olduğunu iddia edən Tramp, ölkənin gələcək rəhbərliyi ilə bağlı suala da cavab verib: "Maçadonun Venesuelanı idarə edib-edə bilməyəcəyini görəcəyik. Hələ onların vitse-prezidentləri də var".
Venesuelanın neft sektoru ilə bağlı da danışan ABŞ prezidenti, Venesuelanın neft sektorunda güclü şəkildə iştirak edəcəklərini bildirib.
TAHİR