RU

Abşeronda qonşular arasında torpaq davası: Bir nəfər həbs edildi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Abşeron rayonunda qonşular arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-n əldə etdiyi məlumata görə, hadisə 7 iyul 2024-cü ildə, saat 18 radələrində rayonunun Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissəsinin ərazisi adlanan yerdə baş verib. Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Rəsul orada qonşusu Məhəmmədin ondan və qohumlarından polis orqanlarına şikayət etdiyinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində həmin ərazidə yerləşən evinə gəlib, heç bir əsaslı səbəb olmadan onun sifət nahiyəsindən yumruq zərbəsi ilə vurub. Məhəmmədi yerə yıxaraq yumruq və təpiklə onun bədənin müxtəlif nahiyələrinə zərblər yetirib. Nəticədə Məhəmməd müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İş üzrə ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 1993-cü ildən Abşeron Rayonu, Pirəkəşkül qəsəbəsində N saylı hərbi hissə adlanan ərazidə məcburi köçkün kimi yaşayırlar: “Məcburi köçkün olduğumuza görə həmin ərazi bizə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılıb”.Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin iyun iyul aylarında Elşən onların həyətinə gəlib və onlarla kinayəli şəkildə “30 ildir siz yaşamısız, indi isə biz yaşayacayıq” kimi sözlər deməyə başlayıb:“Bununla da məhəllədə bizim aramızda mübahisələr başladı. Bu zaman Məhəmməd gələrək evdə qohumlarımı və anamı təhqir etdi, onları döydüyünü eşitdim. Mən də əsəbləşərək evə getdim və nə baş verdiyini soruşdum. Anam və xalamın qonşumuz Məhəmməd adlı şəxs tərəfindən döyüldüyünü gördüm. Məhəmmədin yanına gedərək evdən çıxmasını tələb etdim, niyə belə etdiyini soruşdum. Məhəmməd isə cavabında mənə çox ağır söyüşlər işlətdi. Məni təhqir etməyə başladı. Həmin həyətin də mənə məxsus olduğunu bildirdi. İlk öncə Məhəmməd yumruq ilə sifətimə vurmağa çalışdı. Mən geri çəkilərək Məhəmmədin sifət nahiyyəsindən bir dəfə güclü yumruqla vurdum. Bu zaman Məhəmməd yerə yıxıldı və ağzı, burnu qanadı. Məhəmmədin ayağından tutaraq darvazadan bayıra, yəni öz həyətimdən kənar məhəlləyə çıxardım. Ona xəbərdarlıq edərək yaşadığım mənzilə geri döndüm. Məhəmmədi sadəcə bir dəfə yumruqla vurmuşam. Bundan başqa ona xəsarət yetirməmişəm”.

İş üzrə zərərçəkmiş Məhəmmədin sözlərinə görə, 2024-cü ilin yanvar ayının əvvəllərində özünə torpaq sahəsi və ya mənzil almaq istəmiş tanışı ona Abşeron Rayonu, Pirəkəşkül ərazisində qaldığını və Köçəri adlı qonşusunun həyət evini satdığını ona deyib: “Həmin ilin yanvar ayında dostum Hüseyn ilə birlikdə Pirəkəşkül adlanan əraziyə gəldim. Orada Köçəri adlı şəxsi tapdım və onunla evin qiyməti barədə söhbətləşdik. Həmin ərazini almaq istədiyimi bildirdim. Biz 16.000 min manata razılaşdıq. Köçəri evlərin sənədsiz olduğu dedi, kommunal ödənişləri mənim adıma keçirdəcəyini və beləliklə də evin mənim olacağını bildirdi. Evə köçdükdən 10 gün sonra Rəsulgilin həyəti ilə öz həyətim arasında arakəsmə olan hasarı tikməyə başladım. Hasarı 18 metr uzunluğunda çəkmək istədim. Bu zaman Köçərinin bacısı oğlu Rəsul hasarın 18 metr yox, 17 metr uzunluğunda tikilməsini istədi. Bu zaman aramızda sözlə mübahisə düşdü. Biz  razılaşdıq, hasarı 17 metr uzunluğunda tikdim. Hasarı tikdikdən sonra Köçərinin bacısı oğlu Rəsul mənim demək olar ki, hər gün mübahisə edib, həmin hasarı sökməyimi istəyib. Həmin evi pul verərək Rəsulun dayısı Köçəridən aldığımı bildirsəm də, Rəsul onlara pul verilmədiyini və evin nənəsinin evi olduğunu bildirdi. Həmin evi heç kəsin sata bilməyəcəyini dedi. Bununla da aramızda mübahisələr yarandı. Rəsul mənim evinə qanunsuz girməyimi bildirərək məni məhkəmə verdi. Bizim aramızda olan ev məsələsinə məhkəmədə xeyrimə həll olundu”. Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü səhər saatlarında yaşadığı mənzilin həyətyanı sahəsində olarkən Rəsul ona yaxınlaşıb və ünvanına nalayiq söyüşlər söyüb: “Onun barəsində polisə şikayət etdiyimi bəhanə gətirərək evdən çıxmağımı istədi. O, təhqirləri ilə kifayətlənməyərək heç bir səbəb olmadan məni döydü. Mən də qışqıraraq kömək çağırmağa başladım. Rəsul məni sürüyərək küçəyə gətirdi. Sonra isə oradan getdi”.Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəsul 1 il 3 ay 28  gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,  cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2025-ci il tarixdən hesablanması müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
66
demokrat.az

1Источники