BAKI, 13 yanvar. TELEQRAF
Səhiyyə Nazirliyinə ayrılmış dövlət investisiyaları hesabına tikintisi başa çatmış Qəbələ Rayon Mərkəzi Xəstəxanasının binası hələ də uçota alınmayıb.
Teleqraf xəbər verir ki, bu Hesablama Palatasının xəstəxana ilə bağlı apardığı uyğunluq auditinin nəticələrində əksini tapıb.
Xəstəxananın binası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə və İctimai Sektor üçün Mühasibat Uçotunun 17 nömrəli “Torpaq, tikili və avadanlıqlar” Beynəlxalq Standartına uyğun olaraq “Torpaq, tikili və avadanlıqların dəyəri” hesabı üzrə uçota (balansa) alınmalı və istismara qəbul edilməli olduğu halda, bu tələblər icra olunmayıb.
Palata sözügedən nöqsanın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi barədə tapşırıq versə də, nəticəsi olmayıb.