RU

“Dayanıqlı su təminatı Azərbaycanın strateji prioritetidir” - DEPUTAT



Bu gün Azərbaycan müasir inkişaf strategiyasını ardıcıl və düşünülmüş şəkildə həyata keçirən dövlət kimi beynəlxalq aləmdə tanınır. Ölkədə aparılan siyasi və iqtisadi islahatların paralel və əlaqəli şəkildə reallaşdırılması davamlı inkişaf üçün möhkəm əsas yaradıb. Məhz bu sistemli yanaşma nəticəsində Azərbaycan qlobal miqyasda islahatlara açıq, çevik və rəqabətədavamlı iqtisadi model formalaşdıran ölkələr sırasında xüsusi yer tutur. Dövlət tərəfindən icra edilən çoxşaxəli islahatlar iqtisadiyyatın dayanıqlığını gücləndirməklə yanaşı, sosial rifahın yüksəldilməsinə, regionlar arasında tarazlı inkişafın təmin olunmasına xidmət edir. Aparıcı beynəlxalq maliyyə qurumlarının və reytinq agentliklərinin Azərbaycanın iqtisadi siyasətini müsbət dəyərləndirməsi həyata keçirilən tədbirlərin düzgünlüyünün və səmərəliliyinin göstəricisidir. Eyni zamanda, ölkəmizin yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik dövlət kimi mövqeyini möhkəmləndirməsi qarşıdakı mərhələdə daha böyük hədəflər müəyyənləşdirir. Bu baxımdan da Prezident İlham Əliyevin sədrliyi ilə 12 yanvar tarixində keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə su təhlükəsizliyinin ölkəmiz üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı həm mövcud vəziyyətin obyektiv təhlili, həm də qarşıdakı illər üçün aydın yol xəritəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri aia.az açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında haqlı olaraq su mənbələrinin hər bir ölkə üçün həyati əhəmiyyət daşıdığınl vurğulayıb:“Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb.”
Bu fikirlər bir daha göstərir ki, ərazi bütövlüyümüzün bərpası yalnız siyasi və hərbi qələbə deyil, eyni zamanda strateji resurslara, o cümlədən su ehtiyatlarına tam nəzarətin təmin olunması deməkdir. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın hələ də müəyyən əsas su mənbələrinin xaricdə formalaşdığını diqqətə çatdıraraq bildirib:“Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır.”
Müşavirədə səsləndirilən bu yanaşma Dövlət Proqramının nə qədər düşünülmüş və çoxşaxəli xarakter daşıdığını göstərir. Xüsusilə iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının idarə olunması məsələsi daha da aktuallaşır. Prezident İlham Əliyev bu mövzuya toxunaraq qeyd edib ki, dünyada iqlim dəyişikliyi artıq real təhlükəyə çevrilib və bir çox ölkələr bu prosesdən ciddi zərər görür. Dövlət başçısının sözləri ilə desək:

“Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 il ərzində görülən layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi.” Yeni Dövlət Proqramının əsas məqsədləri də məhz bu strateji yanaşmadan irəli gəlir. Prezident İlham Əliyev çıxışında bu məqsədləri aydın şəkildə ifadə edərək vurğulayıb: “Bizim məqsədimiz əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.”
Şübhəsiz ki, 2026–2035-ci illəri əhatə edəcək bu Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun qurulmasını təmin etməklə yanaşı, ölkəmizin ekoloji təhlükəsizliyinə, dayanıqlı inkişafına və vətəndaşların rifahına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafının möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqləyir.



Избранный
46
50
aia.az

10Источники