RU

Avropa Dəniz Təhlükəsizliyi Agentliyi gəmiçilikdə alternativ yanacaqların təhlükəsizliyinə dair iki hesabat dərc edib

Berlin, 14 yanvar, AZƏRTAC

Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) hidrogenin və ammonyakın dəniz nəqliyyatında yanacaq kimi təhlükəsizliyi ilə bağlı tədqiqat silsiləsi çərçivəsində iki yekun hesabat təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədqiqatlar milli administrasiyalara, sənaye nümayəndələrinə və dənizçilik sahəsində maraqlı tərəflərə sektorun dayanıqlı keçidində dəstək göstərmək məqsədilə hazırlanıb.

Hidrogen üzrə hesabatda bu yanacağın əsas xüsusiyyətləri, mümkün təhlükəsizlik riskləri, sistem təhdidləri və onların azaldılması yolları təhlil olunub. Sənəddə hidrogenlə işləyən gəmilərdə istifadə olunan avadanlıqların etibarlılığı və təhlükəsizlik baxımından kritik sistemlər üzrə risk qiymətləndirməsinin nəticələri yer alıb. Eyni zamanda, iki fərqli hidrogen yanacaq sisteminin dizaynı üzrə risk təhlili təqdim edilib.

Ammonyak üzrə tədqiqatda isə bu maddənin fiziki-kimyəvi xüsusiyyətləri, dəniz yanacağı kimi tətbiqi imkanları və sistemlərin etibarlılığının kəmiyyət göstəriciləri araşdırılıb. Hesabatda, həmçinin müxtəlif gəmi tiplərində ammonyakın yanacaq kimi istifadəsi zamanı yarana biləcək risk ssenariləri qiymətləndirilib. EMSA bildirib ki, əldə olunan nəticələr gələcək tənzimləyici çərçivələrin formalaşdırılmasında istifadə oluna bilər.

Qeyd edək ki, alternativ yanacaqlara və enerji mənbələrinə təhlükəsiz keçid dənizçilik sektorunun dekarbonizasiyasını təmin etmək üçün beynəlxalq səylərin mərkəzində dayanır. Lakin alternativ yanacaq növlərini xarakterizə edən xüsusiyyətlər, eləcə də bu yanacaqların adətən daha aşağı enerji sıxlığına malik olması səbəbindən gəmidə daha böyük həcmdə saxlanılması tələbi ekipaj, sərnişinlər və digər şəxslər üçün təhlükəsizlik risklərinin fosil yanacaqlarla müqayisədə əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər. Bu səbəbdən bu yanacaqların saxlanması, ötürülməsi və istifadəsi üçün təhlükəsizlik standartlarının hazırlanması ilk növbədə onların xüsusiyyətləri və ətraf mühitdə davranışı barədə dərin biliklərə əsaslanması çox önəmlidir.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
70
1
azertag.az

2Источники