RU

Elçilikdə yeni dövr Sevgi yetərmi, yoxsa analiz də şərtdir?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda elçilik mərhələsində oğlan tərəfdən sağlamlıq haqqında arayış və narkotest tələb edilməsi sosial şəbəkələrdə böyük müzakirə yaratdı. Bu hadisəyə münasibət birmənalı olmadı. Kimisi bunu məsuliyyətli və mütərəqqi addım kimi gördü, kimisi isə şəxsi həyata müdaxilə kimi qiymətləndirdi. Lakin burada ən maraqlı məqam, bu tələbi bir ana yox, bir atanın irəli sürməsidir. Bu artıq ailə qurmaq məsələsinin yalnız emosional qərar yox, həm də düşünülmüş və planlı prosesə çevrilməyə başladığını göstərən mühüm siqnaldır.

Cəmiyyət uzun illərdir evlilik mövzusuna daha çox “adət-ənənə”, “hörmət-izzət”, “ayıbdır-düşüncəsi” ilə yanaşıb. Lakin həyat dəyişir, risklər dəyişir, informasiya səviyyəsi artır. Cinsi yolla keçən xəstəliklər, narkotik asılılığı, psixoloji narahatlıqlar artıq yalnız tibbi mövzu deyil, ailə institutunun təhlükəsizliyinə birbaşa təsir edən faktorlardır. Kiminsə həyatı, gələcək uşaqların sağlamlığı və iki ailənin taleyi emosional romantikanın çərçivəsinə sığmayacaq qədər ciddi məsələdir. Ona görə bu addımı “şəxsi sərhədlərin pozulması” kimi yox, gələcək problemlərin qarşısını almaq üçün profilaktik davranış kimi görənlərin arqumenti də başadüşüləndir.

Amma məsələnin digər tərəfi də var. Niyə yalnız oğlan? Əgər bu, gələcəyi düşünmək, sağlam ailə qurmaq deməkdirsə, deməli, iki tərəf üçün də keçərli olmalıdır. Sağlamlıq yalnız bir cinsin öhdəliyi deyil. Müzakirələrdə ən çox səslənən fikirlərdən biri də məhz budur: “bərabərlik varsa, məsuliyyət də bərabər olmalıdır”. Əks halda, bu yanaşma sağlamlıqdan çox “nəzarət” və “şübhə” təsiri bağışlayır. Həm də münasibətin hələ başlanğıcında etimad yoxsa, sonrakı mərhələdə sevginin, hörmətin, ailə bağlarının necə davam edəcəyi də sual altına düşür.

Bütün bunlara baxmayaraq, bir reallıq var. Cəmiyyət düşünməyə başlayıb. Biz artıq “nə deyərlər?” yox, “nə olar?” sualını verməyə doğru keçid edirik. Bu, inkişafın ilk mərhələsidir. Bəlkə də bu gün mübahisə görünür, amma sabah bəlkə bu, normal və sistemli yanaşmaya çevriləcək. Bəlkə gələcəkdə evlilik sadəcə toy tarixinin seçilməsi ilə yox, tibbi, psixoloji və sosial hazırlıq prosesindən keçməklə baş tutacaq. Çünki ailə sadəcə iki nəfərin yox, iki həyatın, iki talenin birləşməsidir.

Bu hadisə əslində bizə bir sual qoyur. Biz hansı cəmiyyət olmaq istəyirik? Emosiyalarla yaşayan, yoxsa düşünərək davranan? Sərt ənənələrə bağlı, yoxsa ənənəni qoruyub müasirliyi də qəbul edən? Cavablar fərqli ola bilər, amma bir həqiqət dəyişmir Azərbaycan cəmiyyəti artıq düşünməyə, müzakirə etməyə və dəyişməyə başlayıb. Bu isə istənilən halda sağlam prosesdir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
bizimyol.info

1Источники